Tramp İranın ABŞ-nin sülh təklifinə cavab müddətini açıqlayıb

2025/05/1746768021.jpg
Oxunub: 371     09:26     09 May 2026    
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, İranın regionda hərbi əməliyyatların dayandırılması ilə bağlı təklifə cavabını “bu axşam” almağı gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

“Görünür, bu axşam məktub alacağam. Görək bunun nəticəsi nə olacaq”, - deyə Tramp Ağ Evdən Şimali Virciniyadakı qolf meydançasına yola düşməzdən əvvəl bildirib.

Jurnalistlərin İranın prosesi uzatdığına inanıb-inanmadığı barədə sualına ABŞ Prezidenti belə cavab verib: “Bilmirəm. Bunu tezliklə anlayacağıq”.

“The New York Post”un məlumatına görə, Trampın cavab olaraq almağı gözlədiyi bir səhifəlik anlaşma memorandumu sonradan aparılacaq daha geniş razılaşmanın əsasını təşkil edə bilər.

Danışıqlardan məlumatlı mənbələrin sözlərinə görə, ABŞ İrana uranın zənginləşdirilməsini dayandırmaq və Hörmüz boğazı vasitəsilə ticarət dəniz marşrutlarını bərpa etmək qarşılığında sanksiyaların yumşaldılmasını təklif edib.

“Bu gün müəyyən bir şey öyrənməliyik. Mən onların cavabını nəzərdə tuturam. Görək nə cavab verəcəklər. Ümid var ki, bu bizi ciddi danışıqlar prosesinə aparacaq”, - deyə ABŞ dövlət katibi Marko Rubio Romadakı ABŞ səfirliyində jurnalistlərə bildirib.

Rubio bildirib ki, İran hökuməti “hələ də ciddi şəkildə parçalanıb və az fəaliyyət qabiliyyətinə malikdir” və bu da “maneə yarada bilər”. O, həmçinin Tehranın Hörmüz boğazında gəmi hərəkətinə nəzarət etmək cəhdlərinin “qəbuledilməz” olacağını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   ABŞ  


Bizi "telegram"da izləyin