Ordu.az xəbər verir ki, gəmilərin inşasının ölkənin “Mangalya” gəmiqayırma zavodunda həyata keçirilməsi planlaşdırılır.
Sözügedən platformalar “Rheinmetall”in dənizçilik bölməsi “Naval Vessels Lürssen” tərəfindən hazırlanmış “Multipurpose Modular Offshore Patrol Vessel” (MMPV) 90 layihəsini əsas götürəcək. Korvetlər Avropa İttifaqının dəstəklədiyi “Avropa üçün Təhlükəsizlik Fəaliyyəti” (SAFE) müdafiə investisiya proqramı çərçivəsində Rumıniyanın yeni dəniz modernizasiya strategiyasının mərkəzində yer alacaq.
Rumıniyada yerləşən “HotNews” agentliyinin yaydığı məlumata görə, iki korvet sinfinə məxsus gəminin istehsal prosesinə başlamaq üçün təxminən 836 milyon avro (980,8 milyon dollar) büdcə ayrılıb.
Buxarest rəhbərliyi yeni gəmilərin konfiqurasiyasının Bolqarıstanın eyni alman MMPV arxitekturası əsasında hazırlanmış yeni korvetlərindən fərqli olacağını vurğulayıb.
Rumıniyanın müdafiə naziri Radu Miruta məsələ ilə bağlı açıqlamasında qeyd edib: “Daha qabaqcıl elektron avadanlıqlara, daha qabaqcıl radarlara və daha qabaqcıl hava hücumundan müdafiə raketlərinə sahibik. Gəmilər müqayisə edilə bilməz”.
Rumıniyanın hədəfi həmin korvetləri 2030-cu ilədək aktiv xidmətə qəbul etməkdir.
MMPV 90-ın texniki xüsusiyyətləri
“Rheinmetall” tərəfindən hazırlanan MMPV 90 platforması 90 metr uzunluğa və 14 metr enə malikdir. Gəmidə təxminən 70 heyət üzvü xidmət göstərə bilir.
Platforma hər biri 8 900 at gücü istehsal edən ikili mühərrik sistemi ilə 20 knotdan (37 km/saat) artıq sürətə çata bilir. Gəminin əməliyyat mənzili isə təxminən 3 000 dəniz mili (5 556 kilometr) səviyyəsindədir.
MMPV 90 dizaynında helikopter və pilotsuz uçuş aparatları üçün uçuş göyərtəsi ilə hangar yer alır. Bundan başqa, gəminin orta hissəsində iki şişmə qayıq üçün xüsusi yerləşdirmə sistemi mövcuddur.
Qabaqcıl sensor və silah sistemləri
Rumıniyaya təhvil verilməsi planlaşdırılan MMPV-lərdə “Thales” tərəfindən təqdim ediləcək çoxfunksiyalı radar və TACTICOS döyüş idarəetmə sistemi başda olmaqla qabaqcıl sensor paketlərinin yer alması nəzərdə tutulur.
Gəmilərdə həmçinin radioelektron mübarizə sistemləri ilə sualtı qayıqlara qarşı müharibə tapşırıqları üçün gövdəyə quraşdırılmış və yedəkli sonar sistemləri olacaq.
Silah yükü çərçivəsində isə 76 mm-lik OTO Melara əsas topu, 35 mm-lik “Oerlikon Millennium” yaxın hava hücumundan müdafiə sistemi və 21 borulu “Rolling Airframe Missile” (RAM) hava hücumundan müdafiə buraxılış qurğusu yer alacaq.
Platformalara həmçinin torpedo buraxılış qurğuları və aldatma/qarışdırma sistemlərinin inteqrasiya edilməsi planlaşdırılır, “Naval Strike Missile” (NSM) gəmi əleyhinə raketlərinin isə sonrakı mərhələlərdə gəmilərə daxil edilə biləcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az