Türkiyənin zireh poladı ehtiyacı “Miilux” ilə tam yerli istehsala keçib

2026/05/1778259993.jpg
Oxunub: 486     20:59     08 May 2026    
OYAK-ın baş direktoru Murat Yalçıntaş “Miilux” daxilində istehsal olunan zireh poladının Türkiyə üçün strateji əhəmiyyət daşıdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Türkiyə Respublikası müdafiə sahəsində bu gün dünyada olduqca mühüm mövqeyə malikdir və sektordakı heç bir oyunçu Türkiyəni nəzərə almadan, hesablamalarına Türkiyəni daxil etmədən addım ata bilməz”, - deyə Yalçıntaş qeyd edib.

Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil edilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi davam edir.

“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu sərgidə Türkiyənin zireh poladı istehsalçısı “Miilux” müdafiə sənayesində yerli və milli istehsal addımlarına strateji töhfə verməyə davam edir.

OYAK tərkibində fəaliyyət göstərən şirkət Sivasdan çıxarılan filizi Manisadakı müəssisələrində qabaqcıl texnologiyalarla emal edərək quru nəqliyyat vasitələrindən milli gəmilərə qədər bir çox platformada kritik qoruma təmin edir.

Yüz faiz yerli sərmayə və texnologiya ilə istehsal həyata keçirən “Miilux” yüksək dayanıqlı məhsulları ilə Türkiyə Silahlı Qüvvələrinə dəstək olmaqla yanaşı, qlobal bazarda rəqabətqabiliyyətli oyunçu kimi Türkiyəni təmsil edir.

“Milli istehsalçıyıq”

OYAK-ın baş direktoru Murat Yalçıntaş AA müxbirinə açıqlamasında SAHA İstanbulun yarandığı gündən keçdiyi yolun Türk müdafiə sənayesi üçün qürur mənbəyi olduğunu bildirib.

Sərginin hər il həm iştirakçı, həm də ziyarətçi baxımından böyüdüyünü bildirən Yalçıntaş bunları deyib:

“Sərginin bu gün çatdığı nöqtə Türkiyə müdafiə sənayesi üçün həqiqətən qürurvericidir. SAHA hər il böyüyərək davam etdi. Xüsusilə xarici iştirakçıların sayı artdı və biz türk iştirakçılar olaraq hər il daha böyük stendlərlə və yeni məhsullarla buraya gəldik”.

Türkiyə müdafiə sənayesinin hər il daha da inkişaf etdiyini və bunun sevindirici olduğunu bildirən Yalçıntaş “Miilux”un ekosistemdəki kritik roluna diqqət çəkib.

Yalçıntaş şirkətin Türkiyənin yeganə yerli və milli zireh poladı istehsalçısı olduğunu vurğulayaraq belə davam edib:

“Mədən mərhələsindən son məhsula qədər bütün dəyər zənciri ölkə sərhədləri daxilində tamamlanır. Zireh poladı dünya üzrə ən mühüm strateji müdafiə materiallarından biridir. Biz milli istehsalçıyıq, çünki bütün texnologiya bizə məxsusdur. Buna görə də nə istehsalda, nə də ixracda heç bir məhdudiyyətimiz yoxdur. Filizimiz Türkiyədə Sivasdan çıxarılır, Ereğli və İstanbulda polada çevrilir və Manisada temperlənərək zireh poladı olur. Beləliklə, bütün bu dəyər zənciri yüz faiz yerlidir”.

“Miilux”un fəaliyyətə başlaması ilə Türkiyənin zireh poladı təchizatında yaşadığı çətinliklərin arxada qaldığını bildirən Yalçıntaş istehsal edilən poladın quru nəqliyyat vasitələri ilə yanaşı, dəniz layihələrində də istifadə olunduğunu qeyd edib.

Yalçıntaş milli sualtı qayıq və aviadaşıyıcı poladlarının da “Miilux” tərəfindən təmin edildiyini bildirərək bunun Türkiyə üçün müsbət inkişaf olduğunu vurğulayıb.

“Türkiyənin müdafiə sənayesində klasterləşmə uğuru qlobal miqyasda ciddi təsir gücü yaradır. Türkiyə Respublikası müdafiə sahəsində bu gün dünyada olduqca mühüm mövqeyə malikdir və sektordakı heç bir oyunçu Türkiyəni nəzərə almadan, hesablamalarına Türkiyəni daxil etmədən addım ata bilməz”, - deyə o qiymətləndirib.

“Türkiyə sənayesini ciddi şəkildə rahatlaşdıracaq”

Yalçıntaş sənaye şirkətləri üçün mənfəət vergisinin 25 faizdən 12,5 faizə endirilməsinin sektorda mühüm rahatlıq yaradacağını bildirib və bu tənzimləmənin xüsusilə şəffaf fəaliyyət göstərən və vergisini müntəzəm ödəyən şirkətlər üçün kritik asanlıq olduğunu ifadə edib.

Bu qərarın məşğulluq və investisiyaları birbaşa stimullaşdıracağını bildirən Yalçıntaş sözlərini belə yekunlaşdırıb:

“Son dövrdə dövlət maliyyəsində süni zəka kimi texnologiyaların istifadəsi vergi nəzarətini daha dəqiq hala gətirib. Büdcə komissiyasında qəbul edilən bu endirim vergisini düzgün ödəyən şirkətlər üçün son dərəcə mühüm addımdır. Türkiyən iqtisadiyyatına baxdığımız zaman məşğulluğun, kreditlərə çıxışın, ixracın və yeni investisiyaların artacağını görə bilərik. Dünya çətin dövrdən keçir. Həm fiziki, həm də ticari müharibələr, logistika və enerji xərclərinin artması istehsalçı şirkətləri çətin vəziyyətə salmışdı. Son atılan bu addım Türkiyə sənayesini ciddi şəkildə rahatlaşdıracaq və onun qarşısını açacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Miilux   OYAK  


Bizi "telegram"da izləyin