Onun fikrincə, Zelenskinin mütləq qaldıracağı ilk məsələ “öz müşaviri, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi” olacaq. Əgər Saakaşvili əfv edilərsə, o zaman “ilk növbədə müxalifət alyansını dağıdacaq və “Gürcü Arzusu”nun qarşısında yalnız bir böyük müxalifət, Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası qalacaq”.
Xidirbeqişvilinin qənaətinə görə, “gələn yaz növbədənkənar parlament seçkiləri təyin olunacaq və əgər Saakaşvili səslərin əlli-əlli nisbəti ilə koalisiya hökumətinin baş naziri seçilərsə, o zaman sərt metodları ilə kriminalı və həddini aşmış “iş adamlarını” tez bir zamanda “dırnağı altında əzəcək”... on dörd il ərzində büdcə pullarını və Bidzina İvanişvilinin milyardlarını yeyən korrupsioner diletantlar isə ya təqaüdə göndəriləcək, ya da həbsxanalarda boşalan yerləri dolduracaqlar”.
Gürcü ekspert Cənubi Qafqazın yeni status-kvosunun Gürcüstan-Ermənistan-Azərbaycan-Rusiya-Türkiyə-İran formatında müəyyən edilməsinə yönəlmiş Rusiya-Türkiyə təşəbbüsünün iflasa uğradığını qeyd edir. Gürcüstan həmin format üzrə müzakirələrdə iştirak etməyib. Yəni Bidzina İvanişvilinin loyal münasibətinə baxmayaraq, Rusiya onu “konstruktivlik meydanına gətirə” bilməyib.
Xidirbeqişvili kifayət qədər açıq şəkildə eyham vurur ki, İvanişvili “xarici siyasətdə yenidən istiqamətlənməyə meyllidir”. Saakaşvili yalnız “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin qərarı ilə əfv edilə və siyasətə qayıda bilər.
Asif Cəfərov
Ordu.az