Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı əsas mövzulardan biri təhlükəsizlik və sərhədlərin möhkəmləndirilməsi olub. Erməni kənd sakinləri daim müharibə təhlükəsi olmadan, dinc səma altında yaşamaq və işləmək istədiklərini bildiriblər.
Bu məsələyə toxunan Tsarukyan vurğulayıb ki, Ermənistan müharibənin qapısını bağlı saxlamalı və iqtisadi inkişafla rifaha fokuslanmalıdır.
“Heç kim müharibə istəmir. Biz müharibənin qapısını bağlamalıyıq, möhkəm bağlamalıyıq ki, onun haqqında düşünməyək”, - deyə o bildirib.
Erməni sakinlərin narahatlıqlarından biri də sərhəddə xidmət edən gənclərin təhlükəsizliyi olub. Tsarukyan qeyd edib ki, ön xətdə əsasən təcrübəli müqaviləli hərbçilər xidmət etməlidir.
“18 yaşlı uşağın sərhəddə dayanmağa haqqı yoxdur. O, təcrübəsizdir. Daha yaxşı olar ki, hər il yoxlamalardan keçən və xidmətə hazır olan yaxşı hazırlıqlı müqaviləli hərbçilərimiz olsun”, - deyə “Çiçəklənən Ermənistan” partiyasının lideri vurğulayıb.
Görüş zamanı erməni kənd sakinləri kənd təsərrüfatı sahəsindəki ağır problemləri də gündəmə gətiriblər. Söhbət gübrə qiymətlərinin bahalaşmasından tutmuş kredit yükünə qədər müxtəlif problemlərdən gedir.
Erməni sakinlərdən biri gübrənin qiymətinin 13 min drama çatdığını və bunun nəticəsində bir çox insanın torpağı becərə bilmədiyini bildirib.
Erməni sakinlər sosial problemlər, narkomaniyanın yayılması və gənclərin gələcəyi barədə də danışıblar. Norakerd sakinlərindən biri xüsusilə Tsarukyanın narkomaniya ilə mübarizə məsələsinə yanaşmasını vacib hesab etdiyini bildirib.
“Bu gün uşaq məktəbə gedir, valideyn narahat olur. Biz sağlam gəncliyə sahib olmalıyıq. Bu, hamımızın, valideynin, müəllimin və dövlətin problemidir”, - deyə “Çiçəklənən Ermənistan” partiyasının lideri qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az