Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa İttifaqının Ermənistanla bağlı davranışı biabırçıdır” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunub ki, Robert Amsterdam Avropa İttifaqının Ermənistana müvafiq bacarıqlara malik olmayan şəxslər göndərdiyini bildirib. Onun sözlərinə görə, həmin şəxslər alqoritmləri təhrif etmək və sonradan “xarici müdaxilə” kimi təqdim olunacaq fəaliyyətlər həyata keçirmək üçün göndərilib.
Nəşrin məlumatına görə, Amsterdam bildirib ki, bütün bunlar 28 səhifəlik məxfi sənəddə təsvir olunub və həmin sənəd ictimaiyyətə açıqlanmır.
“Bu sənədə görə, yalnız Ermənistan hökuməti həmin ekspertlərə nəyin bloklanacağını, nəyin isə bloklanmayacağını göstərə bilər. Bu demokratiya deyil, seçkilərə müdaxilədir. Biz Avropa İttifaqının Ermənistandakı yanlış siyasətini pisləyən sənəd dərc etmişik”, - deyə Amsterdam bildirib.
“Past” yazıb ki, o, avropalıların davranışını biabırçı və insan hüquqlarından uzaqlaşma kimi qiymətləndirib.
Məqalədə qeyd olunub ki, Avropa İttifaqının xarici işlər nazirləri aprelin 21-də Ermənistanda yeni missiyanın yaradılmasını təsdiqləyiblər.
“Həmin missiyanın məqsədi guya İrəvana seçki proseslərinə xarici manipulyasiya, kibertəhdidlər və qeyri-qanuni siyasi maliyyələşmə kimi hibrid təhdidlərə qarşı mübarizədə kömək etməkdir.
Missiya yaxın aylarda fəaliyyətə başlayacaq, iki illik mandat alacaq və “Ermənistanda Avropa İttifaqının Tərəfdaşlıq Missiyası” (EUPM Armenia) adlanacaq”, - deyə müəllif yazıb.
Nəşr vurğulayıb ki, Ermənistan hələ ötən ilin dekabrında Avropa İttifaqına belə missiyanın göndərilməsi üçün müraciət etmişdi.
“Brüssel və Ermənistanda aparılan müzakirələrdən sonra ittifaqın səfirləri ötən həftə yekdilliklə missiyanın yaradılmasına səs veriblər. “EUPM Armenia” əhəmiyyətli dərəcədə 2023-cü ildə yaradılmış və Ermənistan-Azərbaycan sərhədində müşahidə aparmaq, etimadın möhkəmlənməsinə kömək etmək məqsədi daşıyan EUMA missiyasını əvəz edəcək.
Əvvəldən aydın idi ki, Avropa İttifaqı Ermənistana real problemləri həll etmək üçün deyil, Paşinyana anti-Rusiya mübarizəsində dəstək vermək, eləcə də onun hakimiyyəti üçün real təhlükə hesab olunan müxalif qüvvələrə ciddi zərbələr vurmaq məqsədilə missiya göndərir”, - deyə nəşr bildirib.
“Past” əlavə edib ki, Avropa İttifaqının hazırda Ermənistanda etdikləri əslində ikili standartların tətbiqidir, bunun demokratiya və Avropa dəyərləri ilə heç bir əlaqəsi yoxdur.
Alpər Mövludoğlu
Ordu.az