Ermənistan KİV-i: Avropa İttifaqı vizaların liberallaşdırılması məsələsində tələsməyəcək

2026/04/1775489688.jpg
Oxunub: 510     15:10     08 May 2026    
Ermənistan və Avropa İttifaqı arasında vizaların liberallaşdırılması prosesi ilə bağlı ilk irəliləyiş hesabatı təqdim olunsa da, real nəticələr üçün hələ uzun zaman tələb olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa İttifaqı vizaların liberallaşdırılması məsələsində tələsməyəcək” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunub ki, mayın 5-də Ermənistan-Avropa İttifaqı sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın, Avropa Şurasının Prezidenti Antoniu Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iştirakı ilə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos Ermənistanın daxili işlər naziri və Avropa İttifaqı ilə viza liberallaşdırılması üzrə baş danışıqçı Arpine Sarkisyana ilk irəliləyiş hesabatını təqdim edib.

Nəşrə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki səhifəsində belə yazıb: “Biz Avropa İttifaqı-Ermənistan viza liberallaşdırılması prosesində irəliləyiş əldə etmişik. Mən bilirəm ki, bu, ermənilər üçün böyük əhəmiyyət daşıyır. Bu, Avropa İttifaqı üçün də vacibdir, çünki bunun nəticəsində xalqlarımız bir-birinə daha da yaxınlaşır. Əminəm ki, biz arzu olunan nəticəyə çatacağıq”.

Müəllif qeyd edib ki, Avropa İttifaqının daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner də oxşar paylaşım edib: “Bu gün Ermənistandan çox müsbət siqnallar alırıq. Vizaların liberallaşdırılması üzrə ilk irəliləyiş hesabatı göstərir ki, Ermənistan səyahət sənədlərinin təhlükəsizliyi və sərhəd idarəçiliyinin gücləndirilməsi istiqamətində effektiv addımlar atır. Bunlar viza liberallaşdırılması prosesinin əsas tələbləridir”.

Lakin nəşr qeyd edib ki, geniş rezonansa və hakimiyyətin diplomatik nailiyyətlərlə bağlı bəyanatlarına baxmayaraq, illərlə davam edən danışıqlardan sonra Ermənistana yalnız ilk irəliləyiş hesabatı təqdim olunub.

“Ermənistan-Avropa İttifaqı gündəliyində viza liberallaşdırılması ilə bağlı real irəliləyiş əldə olunması üçün hələ kifayət qədər uzun vaxt lazımdır. Hətta Avropa İttifaqı da vizaların liberallaşdırılmasını tez bir zamanda həyata keçirməkdən yayınır və bunun nəticələrini çox yaxşı anlayır.

Ermənistan hakimiyyəti isə açıq desək, bu mühüm gündəliyi də uğursuzluğa düçar edib və nə qədər çalışsalar da, bu istiqamətdə real iş gördüklərinə dair yüksək tonlu bəyanatlardan başqa ortaya konkret nəticə qoya bilmirlər”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin