Erməni politoloq: “Qərbin təklif etdiyi modul reaktorlar Rusiya texnologiyalarından fərqli olaraq hələ sınaqdan keçirilməyib”

2026/05/1778218365.jpg
Oxunub: 433     09:30     08 May 2026    
“Ermənistan və Gürcüstan enerji sinerjisi yaratmaq üçün böyük potensiala malikdir, lakin hazırda region əməkdaşlıq əvəzinə müxtəlif strategiyaların maraqlı tərəfləri arasında nəqliyyat və enerji müharibələri ilə üz-üzədir”.

Ordu.az xəbər verir ki, bunu “Yaddaşın təməl daşı-gələcəyin dayağı: yeni dəhlizlər dövründə subyektliyi necə qorumaq olar?” mövzusunda videokonfrans zamanı siyasi elmlər doktoru, enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan deyib.

Erməni analitik vurğulayıb ki, İrəvan və Tbilisi arasında tamhüquqlu dialoq kifayət qədər yüksək səviyyədə deyil və bu, Ermənistanı bütün Cənubi Qafqazın enerji habına çevirə biləcək iri infrastruktur layihələrinin həyata keçirilməsinə mane olur.

Davtyan çıxışında qeyd edib ki, hazırda Ermənistanı diversifikasiya və inteqrasiya yolu kimi qiymətləndirilən TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi də daxil olmaqla Orta Dəhlizə daxil etmək üçün fəal cəhdlər edilir.

Erməni ekspert hesab edir ki, Ermənistan dəmir yolunun Qazaxıstanın konsessiya idarəçiliyinə verilməsi türk kapitalının Ermənistan bazarına daxil olması anlamına gələ bilər.: “Çünki Qazaxıstan Türkiyə və Bakı infrastrukturlarının əsas investorlarından biridir”.

Eyni zamanda, Davtyan Gürcüstan üçün gözlənilən ciddi risklərə də diqqət çəkib.

“Mövcud marşrutlardan yan keçən yeni nəqliyyat arxitekturalarının həyata keçirilməsi Gürcüstan ərazisi ilə tranzit yükdaşımalarının 25-30 faiz azalmasına səbəb ola bilər. Bu isə qonşular arasında rəqabət və maraq toqquşması kontekstində potensial təhlükə yarada bilər”, - deyə o qeyd edib.

Erməni ekspert İran-Ermənistan-Gürcüstan-Rusiya elektroenerji dəhlizi layihəsinə xüsusi diqqət yetirib.

“Layihənin məqsədi dörd ölkənin enerji sistemlərinin sinxronlaşdırılmasıdır. 2030-cu ilə qədər Gürcüstan ciddi elektrik enerjisi çatışmazlığı ilə üzləşəcək və Ermənistan artıq gücləri hesabına bu çatışmazlığı aradan qaldıra bilər. Bu isə yalnız Ermənistan öz nüvə energetikasını qoruyub saxlayacağı təqdirdə mümkün olacaq. Əgər atom elektrik stansiyası sistemdən çıxarılsa, Ermənistan bu dəhlizdə subyekt rolunu oynamağı dayandıracaq”, - deyə o bildirib.

Davtyan qeyd edib ki, Qərbin təklif etdiyi modul reaktorlar Rusiya texnologiyalarından fərqli olaraq hələ sınaqdan keçirilməyib.

Sonda erməni ekspert vurğulayıb ki, yalnız Rusiya və İranın iştirakı ilə enerji sinerjisi qlobal oyunçular arasında mövcud olan dərin geosiyasi ziddiyyətlərə baxmayaraq, regionun təhlükəsizliyinin dayağına çevrilə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Ermənistan  


Bizi "telegram"da izləyin