“İrəvan Dialoqu”ndan sonra: Paşinyan hakimiyyətinin Avropa şousu və daxili narazılıq

2026/05/1778145618.jpg
Oxunub: 522     13:53     08 May 2026    
“İrəvanda “İrəvan Dialoqu” beynəlxalq konfransı başa çatıb və bununla da mahiyyət etibarilə İrəvanda keçirilən bütün qərb tədbirləri də yekunlaşıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Avropa “fasadı” və daxili tələblər. PR ilə reallığın toqquşması” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, məlum olduğu kimi, mayın 4-də İrəvanda Fransa prezidenti Emmanuel Makronun təsis etdiyi Avropa Siyasi Birliyinin 8-ci sammiti, mayın 5-də isə Ermənistan-Avropa İttifaqı ilk sammiti, Fransa prezidenti Makronun Ermənistana dövlət səfəri və “İrəvan Dialoqu” adlı iki günlük beynəlxalq konfrans keçirilib.

“Təbii ki, seçkiöncəsi bu dövrdə həmin tədbirlər hakimiyyətin siyasi imicinin bərpasına yönəlmiş növbəti PR kampaniyası kimi istifadə olundu. Beynəlxalq tədbirlər daxili auditoriyaya demokratik nailiyyətlərin illüziyasını təqdim etmək və hakim komandanın mövqelərini möhkəmləndirmək üçün işə salındı.

Tədbirlər zamanı səsləndirilən pafoslu bəyanatlar və qarşılıqlı təriflər yalnız Ermənistanın xarici siyasi vektorunun “yanılmazlığını” sübut etməyə yönəlmişdi, bölgə təhlükələri və mövcud problemlər isə diqqətlə kölgədə saxlanıldı. Azərbaycan və Türkiyə ilə münasibətlərdə mövcud strateji təhlükəsizlik problemlərini həll etmək əvəzinə, Avropa gündəliyi süni şəkildə sabit və uğurlu dövlət, fövqəladə xarici siyasət yürüdən dövlət obrazı yaratmağa çalışırdı.

Bütün bunlar dərin daxili siyasi böhran və cəmiyyətdə etiraz səslərinin, tələblərin tamamilə görməzdən gəlinməsi fonunda baş verdi. Rəsmi tribunalardan demokratik institutların formalaşması barədə verilən arxayınlaşdırıcı bəyanatlar və təriflər fonunda xalqın real tələbləri və sistemli ədalətsizliyə qarşı mübarizə aparan vətəndaşların narazılıqları kənarda qaldı”, - deyə məqalədə bildirilib.

Nəşr vurğulayıb ki, avropalı qonaqların və hakimiyyət təbliğat maşınının yaratdığı bayram səs-küyü içində ictimai real etirazı boğmağa cəhd edilib və bununla da rəsmi statistika ilə küçədə hökm sürən əhval-ruhiyyə arasında mövcud olan dərin uçurum nümayiş etdirilib.

“Bununla belə, qeyd etmək lazımdır ki, bu günlərdə paytaxtın müxtəlif hissələrində bir sıra etiraz aksiyaları keçirildi ki, Ermənistan vətəndaşının səsi də eşidilsin. Çünki hakimiyyət Qarabağ məsələsini bağlayıb. Ermənistan hakimiyyəti yalnız sülh və uğurlu xarici siyasətdən danışır, bu günlərdə Ermənistanda olan Avropa “ailəsi” də tam şəkildə hakimiyyətin bu mövqeyini dəstəklədi.

Bu gün “İrəvan Dialoqu” beynəlxalq konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış etdi. Onun çıxışı Ermənistanın xarici siyasət uğuru hekayəsinə həsr olunmuşdu. O bildirdi ki, problemləri fürsətə çevirmək mümkün olub, Ermənistan son illərdə bir mərkəzdən siyasi, iqtisadi və enerji asılılığını azalda bilib və dost ölkələrin sayını diversifikasiya edib. Lakin Ararat Mirzoyan burada Ermənistanın hansı çağırışlarla üzləşdiyini və, bəlkə də, bir sıra analitiklərin fikrincə, hələ də üzləşəcəyini qeyd etmədi”, - deyə müəllif yazıb.

Məqaləyə görə, maraqlıdır ki, bu çağırışlar barədə hakimiyyətin əməkdaşlıq etdiyi və nə üçün olmasın, məsləhətləşdiyi avropalı fiqurlar da danışır.

“Son zamanlar Rusiyada fəaliyyət göstərən erməni biznesi artıq, belə demək mümkündürsə, iqtisadi diversifikasiyanın “güclü təsirini” hiss edir. Belə ki, Rusiya sadəcə bəzi bizneslərə qarşı sanksiyalar tətbiq edir və iş adamlarını fakt qarşısında qoyur.

“İndi elə bil ki, biz birtəhər bir mərkəzdən siyasi, iqtisadi və enerji asılılığımızı azaltmağa və dostlarımızın sayını diversifikasiya etməyə nail olmuşuq”, - deyə Mirzoyan bildirdi. O xatırlatdı ki, Ermənistan ABŞ, Avropa İttifaqı, Çin, Qazaxıstanla strateji tərəfdaşlıq qurub, Hindistanla sıx münasibətlərə malikdir, həmçinin Rusiya ilə möhkəm əlaqələri qoruyub saxlayır. “Məqsədimiz bu əlaqələri diversifikasiya etməkdir”, - deyə Mirzoyan qeyd etdi. Əgər hakimiyyət məharətlə yan keçdiyi problemlər olmasaydı, bütün bunlar həqiqətən də gözəl səslənərdi.

Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmasa da, artıq iki ölkə arasında sülh bərqərar olub.

“Bizdə artıq real sülh var. Azərbaycanla sərhəddə bədbəxt hadisələrimiz yoxdur, bir ildən çoxdur ki, sərhəddə atışma nəticəsində ölən olmayıb. Bundan başqa, Azərbaycan öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, artıq sülh istiqamətində böyük addımdır.

Biz Azərbaycanla ikitərəfli ticarətə də başlamışıq, Azərbaycandan neft məhsulları alırıq, həmçinin bəzi malları Azərbaycan şirkətlərinə satacağıq. Bu, həqiqətən də sülhün sübutudur. Deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Biz çox qanlı münaqişə yaşamışıq, yaralar çox təzədir və hər iki xalqın hələ də real barışığa ehtiyacı var. Həll olunmamış, xüsusilə humanitar xarakterli məsələlər var. Amma yol çox nikbin görünür”, - deyə Ararat Mirzoyan bildirib.

O həmçinin iddia edib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi Ermənistan-Azərbaycan danışıqlar gündəliyində yoxdur. Lakin bir an sonra deyib ki, erməni xalqı bunu referendumla həll edəcək və bu, Ermənistanın daxili məsələsidir. Bu halda sual yaranır ki, bəs niyə indi, məhz bu mərhələdə Ermənistan ümumiyyətlə qarşısında şərt qoyulmayan bir məsələni müzakirə edir?”, - deyə nəşr vurğulayıb.

“168.am” bildirib ki, siyasətdə səmimiyyət lüks deyil, dövlətçiliyin sabitliyinin təməl sütunudur.

“Səmimiyyət öz səhvlərini və ölkə qarşısında duran real təhlükələri etiraf etməyi nəzərdə tutur. Bunun olmaması siyasi prosesləri, bu halda olduğu kimi, Avropa tədbirlərini tamaşalara çevirir və ictimai mühiti daha da dağıdır. Siyasi səmimiyyətin olmaması “paralel reallıqlar” yaradır, burada rəsmi təbliğatla xalqın həyat hissiyyatı heç vaxt kəsişmir. Bu, Ermənistanda baş verən haldır”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ermənistan  


Bizi "telegram"da izləyin