Bu barədə
Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Akademiyanın rəhbərliyi və dəvət olunmuş qonaqlar tədbirdən əvvəl Ulu Öndərin abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsinə hörmət əlaməti olaraq abidə önünə güllər düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Dahi Öndəri Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbərliyi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, tarix üzrə fəlsəfə doktoru, millət vəkili Sevinc Hüseynova, Akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Çıxış edənlər Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən geniş danışıblar.

Bildirilib ki, dahi şəxsiyyətin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan mürəkkəb ictimai-siyasi böhran dövründən çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymuş, dövlət müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Ulu Öndər milli dövlətçilik ideologiyasının formalaşdırılması, hüquqi-demokratik dövlət quruculuğu, iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi, ordu quruculuğu və milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi xidmətlər göstərib. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə dövlət sərhədlərinin mühafizəsi sahəsində müasir idarəetmə mexanizmləri yaradılıb, sərhəd mühafizəsi sisteminin institusional əsasları formalaşdırılıb.
Çıxışlarda Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi Heydər Əliyev siyasi irsinin təntənəsi kimi qiymətləndirilib.

Qeyd edilib ki, Ümummilli Liderin zəngin siyasi irsi Azərbaycan xalqının milli inkişaf yolunun əsasını təşkil edir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.
Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad edilib.
Ordu.az