Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa İttifaqı Paşinyanın tam müdafiəsini üzərinə götürür” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, ötən gün İrəvanda Nikol Paşinyanla birgə mətbuat konfransında strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladıqdan sonra Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə Moskvanın əleyhinə Nikol Paşinyanı dəstəkləyəcəyini bildirib.
“8 ildir etibar etdiyim Paşinyanı dəstəkləmək öhdəliyini üzərimə götürürəm. Xarici agentlər tərəfindən Moskvanın sifarişi ilə müdaxilələr edilir, demokratiyanı saxtalaşdırmağa çalışırlar”, - deyə Makron onun Paşinyana dəstəyinin xarici müdaxilə olub-olmaması ilə bağlı suala cavabında bildirib.
“Ola bilsin ki, eyni şeyi Maya Sandu ilə bağlı etmişəm. Maya Sandu qeyri-Avropa seçiminə qarşı çıxırdı. Burada açıq müdaxilə var və əksinə, Moskvanın sifarişi ilə xarici agentlərin müdaxilələri mövcuddur”, - deyə o əlavə edib.
Müəllif yazıb ki, Makron seçkilər ərəfəsində Ermənistana səfərini xarici müdaxilə hesab etmir.
“Fərq bundadır. Bütün münasibətlər açıq şəkildə təqdim olunur. Bir çox dövlət Maya Sanduya dəstək vermək üçün gedib. Burada müdaxilədən danışmaq olmaz, burada açıq müdaxilə var. Əksinə, Moskvanın sifarişi ilə xarici agentlər vasitəsilə demokratiyanı saxtalaşdırmağa çalışan başqa müdaxilələr var. Mən saxtalaşdırmıram”, - deyə Fransa Prezidenti Paşinyanla mətbuat konfransı zamanı bildirib.
Nəşr qeyd edib ki, Fransa Prezidenti son iki gündə Ermənistanın əsas media simasına çevrilib.
“O, Paşinyanla birlikdə həm İrəvanın, həm də Gümrünün küçələrində gəzib, sadə vətəndaşlarla görüşüb və Nikol Paşinyanın reytinqini qaldırmağa çalışıb. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.
Eyni zamanda məlum olub ki, Ermənistanda iki ən mühüm sammitin keçirilməsi ölkəyə praktiki və geosiyasi baxımdan heç bir fayda verməyib. Bunlar sadəcə Nikol Paşinyanın öz daxili və xarici siyasi gündəmini irəli aparmaq üçün istifadə olunub və bu gündəmlərin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi yoxdur.
Əslində Avropa İttifaqı artıq öz əsas məqsədini gizlətmir və məhz bu, erməni xalqı üçün ən təhlükəli siqnal sayılır. Bu, belə anti-Rusiya siyasətinin Ermənistanı hara apara biləcəyini göstərir”, - deyə “Past” yazıb.
Alpər Mövludoğlu
Ordu.az