Ordu.az xəbər verir ki, bunu mayın 6-da Ermənistan parlamentinin iclasında “Xarici Kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsinə dair qanun layihələri paketinin və əlaqəli qanun dəyişikliklərinin müzakirəsi zamanı qurumun rəhbəri Kristine Qriqoryan bildirib.
O, müxalif “Hayastan” fraksiyasının deputatı Armenuhi Kyureğyanın sualını cavablandırıb.
Erməni müxalif deputat Paşinyanın yaxın seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” partiyası konstitusion çoxluq əldə etməyəcəyi halda sentyabrda “fəlakətli müharibənin başlayacağı” barədə bəyanatını xatırladıb və soruşub:
“Bu bəyanat Xarici Kəşfiyyat Xidmətinin müəyyən məlumatlarına əsaslanırdı, yoxsa siz həmin bəyanatdan xəbərsiz idiniz? Əgər belə məlumat yox idisə, belə açıqlamanın hansı əsasla verildiyini araşdırmağa çalışmısınızmı? Bəyanatı yoxlamaq və ya faktı təsdiqləmək üçün operativ-kəşfiyyat məlumatları əldə etməyə cəhd göstərmisinizmi? Bizə qarşı müharibə başlatmalı olan ölkə hansıdır?”.
Qriqoryan cavabında hökumət başçısının sözlərini izah etməyə çalışıb.
“Əgər seçkiöncəsi mərhələdə siyasi rəqib qüvvələr sülh arxitekturasının təməl prinsiplərini şübhə altına alırlarsa, bu o deməkdir ki, sonradan sülh dağılacaq. Baş nazirin dediklərinin məntiqi bundan ibarətdir”, - deyə qurum rəhbəri bildirib.
Kyureğyan isə Xarici Kəşfiyyat Xidmətinin rəhbərini dinlədikdən sonra öz mövqeyini açıqlayıb.
“Beləliklə təsdiqləndi ki, xidmətin belə məlumatları yoxdur, bu, sadəcə Baş nazirin siyasi bəyanatı idi. Biz bilirik ki, onlar bəyanatları özlərinə sərf edən anda verirlər və bunun heç bir məntiqli əsası yoxdur”, - deyə erməni deputat vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az