Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Diplomatın sözlərinə görə, nota bir gün əvvəl xarici siyasət kanalları vasitəsilə təqdim olunub. Xüsusilə, Belarus Xarici İşlər Nazirliyinə Minskdəki Ermənistanın müvəqqəti işlər vəkili çağırılıb və ona müvafiq sənəd təqdim edilib.
“Bəli, dünən təqdim edilmiş etiraz notası ilə bağlı məlumatı təsdiqləyirik. Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb və bundan sonra ona Ermənistan parlamentinin spikeri tərəfindən Belarusun ünvanına son vaxtlar səsləndirilən qeyri-dost bəyanatlarla bağlı etiraz notası təqdim olunub”, - deyə Kudruk bildirib.
“Belarus tərəfinin ünvanına səsləndirilən bəzi ittihamlarla bağlı şərhləri XİN nümayəndələri verməlidir, buna görə də mətbuat katibinin müvafiq açıqlamalarını gözləyəcəyik”, - deyə diplomat əlavə edib.
Erməni tərəfin reaksiyası ilə bağlı suala cavab verən Kudruk bildirib ki, hazırda Belarus tərəfi Ermənistan XİN-dən heç bir rəsmi cavab almayıb.
“Xeyr, biz hələlik Ermənistan XİN-dən heç bir rəsmi reaksiya almamışıq”, - deyə o bildirib.
Jurnalistlər həmçinin Belarus səfirinin Ermənistana qayıdışı məsələsi ilə də maraqlanıblar. Müvəqqəti işlər vəkili vurğulayıb ki, bu məsələ ilə bağlı qərar ölkənin ali rəhbərliyi səviyyəsində qəbul edilir.
“Bu sualı erməni tərəfinə ünvanlamaq lazımdır… Bu qərarlar ali rəhbərlik tərəfindən qəbul olunur”, - deyə Kudruk qeyd edib.
Xatırladaq ki, son həftələrdə Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusun ünvanına dəfələrlə sərt bəyanatlarla çıxış edib. Simonyan ictimai televiziyaya müsahibə verərək bildirib ki, Ermənistan Rusiyanın ucqar əyalətinə çevrilməməli və Belarus kimi idarə olunmamalıdır.
Ermənistan parlamentinin sədri Alen Simonyan daha sonra Belarusun Rusiyanın vilayəti olması ilə bağlı dediyi sözlərə görə peşman olmadığını bildirib.
“Ermənistan ucqar əyalət olmayacaq, Ermənistan siyasi asılılıqda olmayacaq, Ermənistan öz suverenlik səviyyəsini artıracaq və Belarusun idarəetmə modeli mənim ölkəm və mənim üçün qəbuledilməzdir”, - deyə Simonyan jurnalistlərə bildirib.
Alpər Mövludoğlu
Ordu.az