Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Simonyan bu fikirləri mayın 6-da jurnalistlərlə söhbəti zamanı səsləndirib.
Belarus Xarici İşlər Nazirliyinin bir gün əvvəl Ermənistanın müvəqqəti işlər vəkilinə təqdim etdiyi etiraz notasını şərh edən erməni parlament sədri bildirib ki, KTMT üzrə tərəfdaşın Ermənistana qarşı hörmətsiz münasibəti münasibətləri pisləşdirir. O, həmçinin “44 günlük müharibənin hazırlanmasını və bir çox başqa məsələləri” qeyd edib.
Simonyanın sözlərinə görə, hər bir ölkənin siyasətini məhz həmin ölkə özü seçir, Ermənistan üçün əsas dəyərlər “insan hüquqları və azadlıqdır”.
“Biz “Ermənistanın demokratikləşdirilməsi” yolunu seçmişik, onlar isə (Belarus) bir qədər fərqli yol seçib, Ermənistanın seçdiyi yol kimi deyil”, - deyə Simonyan bildirib.
Qeyri-diplomatik ifadələrlə bağlı suala cavab verən Simonyan bunun onun xarakteri olduğunu bildirib. Simonyan qeyd edib ki, parlament fəaliyyəti diplomatik qurum nümayəndələrindən fərqli olaraq onu ifadələrində məhdudlaşdırmır.
“Belarusdan nə yapışmısınız?”, deyə səbrini itirən Simonyan bildirib və əlavə edib ki, etiraz notası ilə bağlı xəbəri mediadan oxuyub və başqa məlumatı yoxdur.
“Ermənistan ucqar bölgə olmayacaq, Ermənistan siyasi asılılıq içində olmayacaq, Ermənistan öz suverenlik səviyyəsini siyasi və bütün digər baxımlardan yüksəldəcək və Belarus idarəetmə modeli mənim üçün, mənim ölkəm üçün qəbuledilməzdir”, - Simonyan bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az