Erməni ekspert: “Ermənistan xarici mərkəzlər tərəfindən qurulan logistika sistemində alət rolunu oynayır”

2026/05/1778053144.jpg
Oxunub: 430     17:38     06 May 2026    
“Ermənistan-Avropa İttifaqı birgə bəyannaməsinin infrastruktur ölçüsü. Ermənistan-Avropa İttifaqı sammitinin nəticələrinə əsasən qəbul edilmiş birgə bəyannamədə kritik infrastrukturlara dair bölmələr ilk baxışda inkişaf, modernləşmə və “əlaqəlilik” gündəliyi kimi təqdim olunur.”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor, enerji təhlükəsizliyi üzrə mütəxəssis Vahe Davtyan özünün “Facebook” səhifəsində yazıb.

“Lakin bu ifadələrin arxasında daha ciddi bir problem gizlənir: infrastruktur üzərində nəzarətin mərhələli şəkildə yenidən qurulması. Energetika ilə bağlı hissələrdə diversifikasiya, enerji keçidi, şəbəkələrin gücləndirilməsi və Avropa bazarları ilə inteqrasiya vurğulanır. Lakin burada əsas məsələ energetikanın inkişafı deyil, bu inkişafın hansı, daha doğrusu kimin məntiqi ilə həyata keçiriləcəyidir. Diversifikasiya asılılığın azaldılması kimi təqdim olunur, amma əslində bu, asılılığın istiqamətinin dəyişdirilməsinə, yəni Avropa tənzimləyici və texnoloji sistemlərinə yönəlməsinə çevrilə bilər”, - deyə o qeyd edib.

Davtyan bildirib ki, ən həssas nöqtə nüvə energetikasıdır.

“Ermənistan Atom Elektrik Stansiyasının istismardan çıxarılması üzrə yol xəritəsi ilə bağlı Avropa İttifaqının dəstəyi texniki və təhlükəsizlik əməkdaşlığı kimi təqdim olunur, lakin faktiki olaraq bu, son nəticəsi aydın olan bir prosesi rəsmiləşdirir: fəaliyyət göstərən atom blokunun bağlanması. Sual yaranır ki, bu nə ilə əvəz olunacaq? Bəyannamədə buna dair konkret cavab yoxdur. Bu isə o deməkdir ki, Ermənistanın enerji sisteminin əsas, sabit gücü adekvat alternativ olmadan sual altına qoyulur. Litvanın Avropa İttifaqına üzvlüyündən sonra bağlanan “İqnalina” Atom Elektrik Stansiyasını xatırlayın. Nəticədə Litva bu günə qədər Skandinaviya ölkələrindən bahalı elektrik enerjisi idxal etməyə məcburdur.

Ən vacib məqam isə bəyannamədə Ermənistanın Qara dəniz elektrik kabelinə qoşulması perspektivindən bəhs edilməsidir. Bu layihə Avropa İttifaqı və Azərbaycanın birgə təşəbbüsüdür və məqsədi Azərbaycanın “yaşıl” enerjisini Avropa bazarına çıxarmaqdır. Aydındır ki, sabit generasiya gücləri olmadan Ermənistanın bu sistemdə real rolu yoxdur. Eyni zamanda aydındır ki, mövcud şəraitdə Bakı bu kabelə qoşulma məsələsində Ermənistanın qarşısını almağa çalışacaq. Bəyannamənin nəqliyyat hissəsində də eyni məntiq müşahidə olunur. Burada Avropa nəqliyyat şəbəkələrinə inteqrasiya, kommunikasiyaların açılması və “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) kimi təşəbbüslərdən bəhs edilir”, - deyə o vurğulayıb.

Erməni ekspertin sözlərinə görə, lakin burada da əsas məsələ ondan ibarətdir ki, Ermənistan müstəqil nəqliyyat siyasəti formalaşdıran subyekt kimi deyil, daha çox keçid məkanı kimi nəzərdən keçirilir.

“Bu kontekstdə Avropa İttifaqının “Qlobal qapılar” strategiyası xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə Ermənistana yönəldiləcək investisiyalar 2,5 milyard avroya qədər qiymətləndirilir. Bu, əlaqəliliyin və infrastruktur inkişafının təşviqi kimi təqdim olunur, lakin əslində Orta dəhlizin formalaşdırılması və Avropa-Qafqaz-Asiya logistika zəncirinin yenidən qurulması ilə birbaşa bağlıdır.

Eyni məntiqdə təqdim olunan TRIPP (Zəngəzur dəhlizi-red.) proqramı da regionlararası əlaqələri gücləndirmək məqsədi daşıyır kimi göstərilsə də, əslində ABŞ-nin Orta dəhlizdə rolunu gücləndirir və Avropanın Asiya ilə əlaqələrinə nəzarət etməyə yönəlib. Burada açıq ziddiyyət yaranır: bir tərəfdən Avropa inteqrasiyasından danışılır, digər tərəfdən isə həmin dəhliz arxitekturası ABŞ-nin strateji maraqları çərçivəsində formalaşdırılır və məqsəd Avropa ilə Asiya arasında logistika əlaqələrinə nəzarət etməkdir.

Belə şəraitdə Ermənistan bu proseslərin müəllifi deyil, onların tətbiq olunduğu məkan kimi çıxış edir, yəni xarici mərkəzlər tərəfindən qurulan logistika sistemində alət rolunu oynayır. Xeyr, Ermənistan-Avropa İttifaqı birgə bəyannaməsi inkişaf haqqında deyil. Bu, Ermənistanın infrastruktur suverenliyinin mərhələli şəkildə sökülməsinin siyasi xəritəsidir”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin