Ordu.az xəbər verir ki, bunu erməni ekspert, Stenford Universitetinin siyasi elmlər üzrə doktoru Artur Xaçikyan deyib.
“Onlar bizə yox, Zelenskiyə görə gəlmişdilər. Anti-Rusiya konqresi keçirməyə gəlmişdilər. Qoy o mübarizəni Rusiya ilə aparaydılar, amma bunun bizə nə aidiyyəti var idi ki, bunu bizim üzərimizdən etdilər? Ukraynaya dəhşətli silahlar, bizə isə armudun saplağını verirlər. Buraya gəlmişdilər ki, Nikolun PR-ını etsinlər, səfirlərinin yenidən seçilməsini təmin etsinlər və Ermənistanı anti-Rusiya platsdarmına çevirsinlər.
2020-ci ildə müharibə olanda, ey avropalılar, siz harada idiniz? Həmin vaxt bizə sizin köməyiniz lazım idi. Bizim uşaqları həm də Zelenskinin verdiyi silahlarla öldürüblər”, - deyə o qeyd edib.
Xaçikyan bildirib ki, 2022-ci ilin oktyabrında isə Makron çox “gözəl” müsahibə verib.
“O dedi ki, erməniləri heç vaxt tərk etməyəcəyik. Musa dağının tarixindən danışdı, sonra isə qeyd etdi ki, Qarabağ Azərbaycanın daxilində bir ərazidir. Cənab Makron, bəs Minsk qrupu nə oldu? 35 il ərzində nə sənədlər imzalayırdınız? Bizi satdılar ki, Fransa Afrikaya görə ruslardan qisas alsın. Makron bunu açıq deyir.
Ermənistanda baxın, müxaliflərə qarşı nə cür terror var, Avropadan bir kəlmə belə demirlər, amma eyni vəziyyət, məsələn, Belarusda olsaydı, təsəvvür edirsiniz nə bəyanatlar verilərdi...”, - deyə o vurğulayıb.
Xaçikyanın qiymətləndirməsinə görə, hesab etmək lazımdır ki, Paşinyan artıq anklavları verib və İrəvan-Tbilisi yolu Azərbaycanın nəzarəti altında olacaq.
“Kərkini də verəcək ki, Zəngəzuru kəssin. Makron bizi axmaq yerinə qoymasın. Praqa görüşünü özü Şarl Mişel ilə birlikdə təşkil etmişdi. Niyə günahı yalnız Nikolun üzərinə atırsan? Bəs sən harada idin, niyə yanında oturdun?”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az