KİV: Fransanın müharibədən sonrakı borcunun Ermənistana qiyməti nədir?

2026/05/1778052922.jpg
Oxunub: 341     15:34     06 May 2026    
“Bu günlərdə İrəvanda Fransa prezidenti Emmanuel Makron etiraf edib ki, onun ölkəsi və şəxsən özü 2022-ci il Praqa prosesinin əsas iştirakçılarından biri olub və həmin proses de-fakto Qarabağı Azərbaycanın tərkibində tanıyıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Fransanın müharibədən sonrakı borcunun Ermənistana qiyməti nədir?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, xüsusilə, mayın 4-ü axşam prezident iqamətgahında keçirilən dövlət naharı zamanı Fransa rəhbəri bunları deyib:

“2022-ci ilin payızından etibarən o gecədən heç nəyi unutmamışam. Müharibənin başlanmasından cəmi iki il keçmişdi. Vəziyyət çox qeyri-sabit idi və siz böyük cəsarət göstərdiniz, çünki ölkəniz üçün qərar qəbul edirdiniz. Amma sadə bir şeyi demək istəyirəm.

Birincisi, Fransa belə məqamlarda mənim fikrimcə öz borcunu yerinə yetirib. Doğrudur, Avropada və başqa yerlərdə çoxları üçün qəribə idi ki, biz niyə Ermənistana qeyd-şərtsiz dəstək veririk. Yeri gəlmişkən, sizi sakitləşdirmək üçün qeyd edim ki, baş nazirin xatırlatdığı görüşdən sonra mən, demək olar ki, münaqişə Prezident İlham Əliyevlə tənzimlənənə qədər sonrakı bütün görüşlərdən kənarda qalmışdım”.

Müəllif bildirib ki, təbii ki, Makron bu fikri ilk dəfə səsləndirmir.

“O, bir dəfə fransız KİV-lərindən birinə verdiyi müsahibədə qeyd etmişdi ki, “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış bir ərazidir.

“Qarabağ Azərbaycanın ürəyində yerləşən bir ərazidir, çoxsaylı itkilərlə, dəhşətli mənzərələrlə müşayiət olunan qorxunc bir müharibə başladı və Azərbaycan sentyabr ayında bu ərazini ələ keçirdi (azad etdi-red). Daha sonra sərhəd boyunca bir neçə hücum həyata keçirdi ki, öz ərazisinin bir ucundan digər ucuna dəhliz yarada bilsin. Bəs biz nə edə bilərik? Prezident İlham Əliyevə zəng etdim və iki ölkənin rəhbərlərini Parisə dəvət etdim. Fransa vasitəçi dövlətlərdən biridir. Bundan sonra mən iki ölkənin rəhbərlərini Praqaya dəvət etdim. Bir neçə saat ərzində Avropa Şurasının prezidenti ilə birlikdə iki ölkənin rəhbərləri ilə görüşdük və qərara gəldik ki, hər iki tərəf 1991-ci il sərhədlərini tanımaq öhdəliyi götürür”, - deyə o əlavə edib.

Bu günlərdə Makronun bu missiyasına görə Nikol Paşinyan dəfələrlə təşəkkür edib.

“Sülh arxitekturası” Alma-Ata Bəyannaməsinə, yəni Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının tanınmasına əsaslanır. Bu arxitekturanın formalaşmasında Fransa prezidenti Emmanuel Makronun rolu əsasdır”, - deyə mayın 5-də Makronla birgə bəyanat zamanı Nikol Paşinyan vurğulayıb.

Başqa məsələ isə ondan ibarətdir ki, Fransa prezidenti ilə yaxşı münasibətləri olan erməni siyasi xadimlər bu prosesdə Makronun əsas və ya mühüm rol oynaması ilə bağlı iddialarla razılaşmaya bilərlər. Əlbəttə, üçüncü ölkə həmişə sənin ölkənin verdiyi qərarı dəstəkləyir. Bu halda Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməyi seçib və Fransanın dəstəyini alıb. Amma problem ondadır ki, vaxtilə Minsk qrupunun həmsədri olmuş ölkənin rəhbəri Ermənistan hakimiyyətinin Praqa qərarını nümunəvi hesab edir.

Bunu niyə yazırıq? Müharibə günlərində və ondan sonra müxtəlif dairələr qəti şəkildə iddia edirdilər ki, Fransa Ermənistana hərbi yardım təklif edib, lakin Ermənistan və ya Nikol Paşinyan bundan imtina edib”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, xüsusilə, illər əvvəl keçirilən bir mitinqdə, özünü müharibə dövründə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Onik Qasparyanın müşaviri kimi təqdim edən Vladimir Poğosyan belə demişdi:

“Biz bilirik ki, 2020-ci ilin 44 günlük müharibəsi Türkiyə ilə birgə planlaşdırılıb. 2012-ci ildən etibarən Rusiya hərbi balansı pozdu. Bu, Rusiya ilə birgə həyata keçirilən işdir. Xüsusi olaraq bizim ordunu zəiflədirdilər, müharibə zamanı bütün yollar bağlı idi. Bizim ödədiyimiz pullarla Rusiyadan gətirilməli olan silah-sursatdan heç nə Ermənistana daxil olmayıb. Bu da əvvəlcədən planlaşdırılmış iş idi. Müharibə zamanı mən Fransa nümayəndələri ilə, səfirlə danışıqlar aparmışam, Fransa bizə hərbi yardım təklif etdi, amma bizim hakimiyyət bundan imtina etdi”.

Müəllif sual verib ki, əvvəla, müharibə günlərində Baş Qərargahda çalışan və ya həmin vaxt Baş Qərargah rəisi olan Onik Qasparyana məsləhətlər verən Vladimir Poğosyanın Rusiyanın müharibənin planlaşdırıcılarından biri olması ilə bağlı əsaslı sübutları varmı?

“Onik Qasparyanın belə məlumatı olubmu və bu barədə İstintaq Komissiyasında danışıbmı? Bundan əlavə, əgər belə danışıqlar olubsa, onun fransız tərəfi ilə danışıqlar aparmaq səlahiyyəti nə olub? O, Fransanın müharibə zamanı Ermənistana hansı konkret hərbi yardımı təklif etdiyini və bunun necə rədd edildiyini sübut edən dəqiq faktlar təqdim edə bilərmi? Halbuki, ümumilikdə nə Ermənistandan, nə də Fransadan bununla bağlı rəsmi təsdiq verilib.

Və bu günlərdə yuxarıda qeyd olunan Ermənistan və Fransa rəhbərlərinin açıqlamaları məhz bunu sübut edir, belə bir hal olmayıb.

Amma rəsmi faktlar da var ki, bu barədə daha əvvəl “168.am” məlumat verib və qeyd edib ki, 44 günlük müharibədən əvvəl Müdafiə Nazirliyində fransız tərəfinə Türkiyə təhlükələri və Türkiyənin müharibədə birbaşa iştirak ehtimalı ilə bağlı xəbərdarlıqlar edilib. Xüsusilə, iyul döyüşlərindən sonra və 44 günlük müharibədən əvvəl Ermənistanın müdafiə nazirliyində fransız tərəfi Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin mümkün nəticələri və məqsədləri barədə məlumatlandırılıb.

Yəni, həmin dövrdə müdafiə naziri David Tonoyan qeyd etmişdi ki, “birbaşa hərbi baxımdan onların taktiki xarakteri narahatedici deyil, lakin vacibdir ki, təlimlər Ermənistan sərhədlərinin, müdafiə obyektlərinin və digər infrastrukturun birbaşa yaxınlığında təxribat xarakterli hərəkətlərə çevrilməsin”.

44 günlük müharibə günlərində də o dövrdə Fransanın Ermənistandakı səfiri Conatan Lakot bir neçə dəfə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanla görüşmüşdü və həmin görüşlər zamanı qarşı tərəfin nöqtələri hədəfə almasının nəticələri təqdim edilmiş, həmçinin qeyd olunmuşdu ki, atəşkəsin qorunması yalnız beynəlxalq verifikasiya mexanizmlərinin tətbiqi ilə mümkün ola bilər”, - deyə məqalədə bildirilib.

Nəşr qeyd edib ki, 2020-ci il müharibəsi zamanı Nikol Paşinyan da öz növbəsində bir neçə dəfə, o cümlədən müharibənin ilk günü Emmanuel Makron ilə telefon danışığı aparmışdı.

“2023-cü ilin iyununda İstintaq Komissiyasında Nikol Paşinyan belə demişdi: “Oktyabrın 17-də təşəbbüs Fransanın prezidenti Emmanuel Makron tərəfindən irəli sürüldü və o, mənə bildirdi ki, Azərbaycan Prezidenti heç bir ilkin şərt olmadan oktyabrın 18-i gecə yarısından etibarən atəşkəsə razıdır. Mən təbii ki, buna razılıq verdim və bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan arasında aşağıdakı bəyanat razılaşdırıldı və oktyabrın 17-si gecə saatlarında yayımlandı: “Ermənistan Respublikası və Azərbaycan Respublikası oktyabrın 18-də yerli vaxtla saat 00:00-dan etibarən humanitar atəşkəsin tətbiq olunmasına qərar veriblər.

Bu qərar ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa Respublikası, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının prezidentlərinin oktyabrın 1-də verdiyi bəyanatın, ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabrın 5-də verdiyi bəyanatın və oktyabrın 10-da Moskvada qəbul edilmiş birgə bəyanatın davamı olaraq qəbul olunub.

Bu bəyanatla bağlı, hələ yayımlanmamışdan əvvəl biz rusiyalı tərəfdaşlarımızla məsləhətləşmələr apardıq və onlar təşəbbüsü alqışladılar. Lakin bəyanata baxmayaraq, oktyabrın 18-də də atəşkəs təmin olunmadı, halbuki biz gün ərzində müharibəni dayandırmaq üçün bütün mümkün diplomatik səyləri göstərirdik. Yəni bu bəyanatdan sonra ümumiyyətlə heç bir fasilə baş vermədi”.

Ehtimal olunur ki, Fransa ya müharibənin qarşısını almağa çalışmayıb, ya da nə müharibənin qarşısını almaqda, nə də onun ağır gedişini və nəticəsini dəyişməkdə uğur qazana bilməyib. Əlbəttə, bununla Fransanı müharibədə məğlubiyyətə görə ittiham etmirik və çox yaxşı xatırlayırıq ki, Ermənistanın strateji müttəfiqi Rusiya olub, Ermənistan isə “Qarabağ”ın təhlükəsizliyinin təminatçısı idi. Eyni zamanda yaxşı xatırlayırıq ki, Nikol Paşinyan müharibə günlərində Rusiyanın göstərdiyi dəstəkdən razı idi, Rusiya prezidenti Vladimir Putinlə təxminən 9 telefon danışığı aparmışdı, müharibə günlərində Paşinyan Qarabağda məhz rus sülhməramlılarının yerləşdirilməsini istəyirdi və müharibədən sonra Vladimir Putin Paşinyan haqqında “on ne predatel” demişdi. Bütün bunları çox yaxşı xatırlayırıq və bunların fonunda onu da xatırlayırıq ki, Fransa Ermənistana silah tədarükü ilə bağlı müqavilə imzalamağa yalnız 2023-cü ilin oktyabrında, Qarabağın tam şəkildə itirilməsindən sonra hazır oldu”, - deyə nəşr vurğulayıb.

Bu kontekstdə müəllif xatırladıb ki, 2024-cü ilin yazında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan “Pastinfo”ya müsahibəsində demişdi:

“Ermənistan ilə Fransa arasında hərbi-texniki əməkdaşlığın olmaması Ermənistanın maraqsızlığı ilə bağlı olmayıb və Qarabağın faktiki olaraq itirilməsindən sonra bu dəyişiklik, yəni əməkdaşlığın qurulması izaholunandır. Ümid edirəm ki, mövcud geosiyasi şəraitdə Fransa ilə hərbi-texniki əməkdaşlıq uzunmüddətli və davamlı olacaq, eyni zamanda təhlükəsizlik riskləri baxımından hesablanmış və proqnozlaşdırılmış olacaq”.

Müəllif yazıb ki, əslində, davamlılıq təmin olunur.

“İndiyədək Fransanın Ermənistana təqdim etdiyi silahlarla yanaşı, mayın 5-də İrəvanda Ermənistanın Müdafiə Nazirliyi ilə Fransanın “Sofema Group” arasında təchizat müqaviləsi imzalanıb. Bundan əlavə, Ermənistanın müdafiə qurumu nəqliyyat helikopterlərinin alınması ilə bağlı “Airbus Helicopters” şirkəti ilə müqavilə bağlayıb.

Heç kim inkar etmir ki, Fransanın Ermənistana hərbi yardımı erməni-fransız münasibətlərinin tarixi əsaslarına və əsrlərlə davam edən dostluq faktına söykənir və Fransa bunu heç vaxt nəzərdən qaçırmır. Amma şübhəsiz ki, siyasətdə heç nə səbəbsiz baş vermir, burada başqa motivlər də var ki, bu da müəyyən mənada Rusiyaya qarşı “siyasi kampaniya” və ya onu regiondan sıxışdırıb çıxarmaq məntiqinə uyğun gəlir. Bunu həm də “İrəvan Dialoqu-2026” beynəlxalq forumu zamanı Fransa prezidenti Emmanuel Makronun səsləndirdiyi bəzi fikirlər kontekstində nəzərə almaq olar.

O, ilk olaraq bildirib: “Cənubi Qafqaz imperiyaların rəqabət meydanı olmamalıdır, halbuki regionu qənimət kimi görərək yerli xalqları bir-birinə qarşı qoyurlar. Cənubi Qafqaz Avropa, Asiya və Yaxın Şərq arasında öz mərkəzi mövqeyini bərpa edə bilər. Və Cənubi Qafqazda bu regionun kəsişmə nöqtəsinə çevrilmək, Orta Dəhliz rolunu oynamaq üçün imkanlar var”.

Daha sonra Fransa prezidenti vurğulayıb ki, uzun müddət bir çoxları hesab edirdi ki, Ermənistanın taleyi yalnız Rusiyanın himayəsi altında mümkün ola bilər. O əlavə edib:

“2020-ci il müharibəsi, sizin yaşadıqlarınız, bir çox ailələrin keçirdiyi faciə göstərdi ki, bu, çoxlarının təsəvvür etdiyi himayə deyildi. Gördük ki, Rusiya Ermənistanı tərk etdi və anladıq ki, bu arzular reallıq deyil. Hamı sanki buna öyrəşmişdi ki, o, regionda himayəçi olmalıdır, çünki Cənubi Qafqaz sanki həmişə kiminsə tərəfindən qorunmalıdır”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, bundan əvvəl isə Nikol Paşinyan Makronun bu fikirlərinə etiraz etmədən, Moskvaya səfərindən və Vladimir Putinlə görüşündən sonra parlament-hökumət sual-cavabında belə demişdi: “Biz çox uzun və ətraflı müzakirələr apardıq və əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsi ilə bağlı strateji əhəmiyyətli razılaşmalar əldə etdik ki, onların nəticələrini yaxın zamanda görəcəyik”.

Məqalə müəllifinin sözlərinə görə, daha sonra jurnalistlərlə brifinq zamanı Nikol Paşinyandan soruşulduqda ki, Rusiya ilə hərbi-texniki razılaşmalar varmı və bu bəyanat Ermənistanın Rusiyadan silah almaq barədə razılaşmaya gəldiyini göstərirmi, o belə cavab vermişdi: “Bizim Rusiya ilə hərbi-texniki əməkdaşlığımız var, olub və müəyyən dövrdə bu əməkdaşlıq ya ciddi şəkildə azalmışdı, ya da dayandırılmışdı. Və biz, bəli, əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı razılığa gəlmişik”.

“Daha sonra isə yazılı sorğumuza cavab olaraq Ermənistanın Müdafiə Nazirliyi Rusiyadan silah alınması planlarını təkzib etməmişdi.

Belə çıxır ki, Fransa ilə de-yure təsdiqlənmiş strateji münasibətlər Ermənistanın Rusiya ilə də strateji razılaşmalar əldə etməsinə mane olmur? Yoxsa müəyyən mərhələdə Makronun və Avropanın istəyi həyata keçəcək və Rusiyanın əvəzinə Avropa Ermənistanın sərhədlərinin təhlükəsizliyinin təmin edilməsində rol oynayacaq?

Qeyd edək ki, KİV-lərin məlumatlarına görə, Makron bildirib: “Ermənistan ərazisində hələ də 4000 rus hərbçi və 1000-dən çox sərhədçi var, buna görə Avropa bu ölkəyə öz sərhədlərinin təhlükəsizliyini daha müstəqil şəkildə təmin etməkdə kömək etməlidir”, - deyə “168.am” qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin