Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “İrəvanda keçirilən sammit Ukrayna haqqında idi” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, çıxış edən Avropa rəsmiləri və liderləri Ermənistana cəmi bir-iki cümlə ilə toxunur, daha sonra bütün çıxışlarını Ukraynaya həsr edirdilər.
“Anti-Rusiya ritorikası isə sammit boyunca açıq şəkildə hiss olunurdu. Üstəlik, Paşinyan özü də Volodimir Zelenski ilə görüş keçirib. Rəsmi məlumata görə, tərəflər Ermənistan-Ukrayna ikitərəfli əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər. “Ölkələrimiz arasında aktiv dialoqu yenidən bərpa etməyimiz vacibdir”, - deyə Zelenski yazıb və Paşinyanla iqtisadi tərəfdaşlığın inkişafını da müzakirə etdiklərini bildirib.
Diqqətçəkən digər məqam isə Ukrayna ilə bağlı ayrıca bəndin Ermənistan-Avropa İttifaqı sammitinin birgə bəyanat layihəsində də yer almasıdır. Halbuki Ermənistan tərəfi bir qədər diplomatik həssaslıq nümayiş etdirərək Ukrayna ilə bağlı hissəni heç olmasa bu sammitin bəyanatından çıxara bilərdi. Təbii ki, belə bir sammitin keçirilməsi və anti-Rusiya narrativlərinin yayılması Rusiya tərəfini ciddi şəkildə narahat etməli idi”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, Rusiya televiziya kanalının efirində bu məsələyə dair tənqidi fikirlər səsləndirilib.
“Xüsusilə vurğulanıb ki, Paşinyan və Zelenski birgə görüş zamanı hər ikisi rus dilini mükəmməl bildikləri halda ingilis dilində danışıblar.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ad çəkmədən belə yazıb: “İrəvanda rus dilində mükəmməl danışan iki düşüncəsiz rusofob öz natamamlıq komplekslərinə görə pis ingilis dilində danışıb. Halbuki ola bilsin bu, yalnız kameralar qarşısında olub, daha sonra isə onlar özlərinə tanış olan gözəl və güclü dildə söhbət ediblər. Yalnız Tramp və Vens çatışmır ki, cahillərə ingilis dilində danışmaq imkanı versinlər”.
Rusiya tərəfinin reaksiyası yaxın vaxtlarda daha sərt və ağır səslənəcək. Bunu təbii olaraq həm Avropada, həm də Ermənistanda anlayırlar. Avropa ilə bağlı vəziyyət aydındır, onlar Rusiya ilə açıq qarşıdurma vəziyyətindədirlər. Lakin Ermənistan hakimiyyətinin davranışı heç bir məntiqli izaha sığmır”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az