Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, xüsusilə iki ölkənin liderləri Ermənistan ilə Fransa arasında Strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyannaməni imzalayıblar.
“Ermənistan hökuməti ilə Fransa hökuməti arasında Ermənistanda Fransa universiteti fondunun yaradılması ilə bağlı sazişi təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Fransanın Avropa məsələləri üzrə səlahiyyətli naziri Benjamin Haddad imzalayıblar.
Ermənistan hökuməti ilə Fransa hökuməti arasında süni zəka, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlıq haqqında niyyət məktubunu yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan və Fransanın Avropa məsələləri üzrə səlahiyyətli naziri Benjamin Haddad imzalayıblar.
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Fransanın Müdafiə Nazirliyi arasında strateji texnologiyalar və müdafiə sistemlərinin tədqiqatı, inkişafı və innovasiyası sahəsində əməkdaşlığa dair anlaşma memorandumu Mxitar Hayrapetyan və Fransanın silahlı qüvvələr və veteranlar məsələləri üzrə səlahiyyətli naziri Alis Rufo tərəfindən imzalanıb.
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirliyi ilə Fransanın “Vensi konstruksyon qran proje” və “Razelbek SAS” birgə müəssisəsi arasında Ermənistanda Barquşat tunelinin tikintisi layihəsi üzrə anlaşma memorandumu nazir Davit Xudatyan və “Razelbek SAS” şirkətinin beynəlxalq direktoru Alen Besson, baş direktoru Loran Fayan, eləcə də “Vensi konstruksyon qran proje” şirkətinin nümayəndəsi Jan Filip Sayan və direktoru Filip Tavernye tərəfindən imzalanıb”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Ermənistan hökuməti ilə Fransanın İnkişaf Agentliyi arasında Ermənistanda dövlət siyasətinin kreditləşdirilməsi üzrə yeni çoxillik proqramla bağlı anlaşma memorandumu maliyyə naziri Vahe Hovhannisyan və Fransanın İnkişaf Agentliyinin baş direktorunun müavini Bertran Valkenaer tərəfindən imzalanıb.
“Ermənistan hökuməti ilə İrsin Qorunması üzrə Beynəlxalq Alyans arasında anlaşma memorandumu təhsil naziri Janna Andreasyan və təşkilatın icraçı direktoru Valeri Frelen tərəfindən imzalanıb. Milli ipoteka şirkəti ilə Fransanın İnkişaf Agentliyi arasında Ermənistanda əlçatan mənzil təminatının inkişafı üzrə anlaşma memorandumu şirkətin baş direktoru Edmond Bardumyan və Bertran Valkenaer tərəfindən imzalanıb.
Ameriabank ilə “Proparco” şirkəti arasında kredit müqaviləsini bankın direktorlar şurasının sədri Andrey Mkrtçyan və Bertran Valkenaer imzalayıblar. “Evokabank” ilə “Proparco” arasında kredit müqaviləsini bankın baş direktoru Karen Yeğiazaryan və Bertran Valkenaer imzalayıblar. Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “Sofema” şirkəti arasında təchizat müqaviləsini nazir müavini Karen Brutyan və şirkətin rəhbəri Frederik Tisseran imzalayıblar.
Ermənistan Müdafiə Nazirliyi ilə “Airbus Helicopters” şirkəti arasında nəqliyyat helikopterlərinin alınması üzrə müqaviləni şirkətin nümayəndələri Lyudovik Vuasto və Sesil Arno imzalayıblar.
“FlyOne Armenia” ilə “Airbus” arasında A321-200NX tipli iki təyyarənin alınması üzrə müqaviləni Aram Xaçatryan və Şardel Yuskattli imzalayıblar. Matenadaran ilə Fransa Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu, həmçinin Yeqişe Çarents adına muzey ilə Fransa Milli Kitabxanası arasında saziş Arayik Xzmalyan, Jil Peku və Qurqen Qasparyan tərəfindən imzalanıb”, - deyə məlumatda vurğulanıb.
***
Ermənistan və Fransa ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəldiblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Parisdəki səfiri Arman Xaçatryan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün Ermənistan-Fransa strateji tərəfdaşlığı haqqında bəyannamə imzalanıb", - o yazıb.
Onun fikrincə, bu tarixi sənəd iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər açır.
Bəyannaməni İrəvanda Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıblar.
Ermənistan mediasının məlumatına görə, İrəvan və Paris süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlıq haqqında sazişlər; hərbi texnologiyaların inkişafı və müdafiə sistemlərinin tədqiqi sahəsində əməkdaşlıq haqqında, hərbi geyimlərin tədarükü barədə sazişlər imzalayıblar.
Tərəflər həmçinin nəqliyyat helikopterlərinin tədarükü, Ermənistan aviaşirkətinə iki A321-200NX təyyarəsinin satışı, Ermənistanın cənubunda Bərgüşad tunelinin tikintisi barədə razılığa gəliblər. Bununla yanaşı, iki ölkə arasında kredit, iqtisadi, mədəni əməkdaşlığa dair bir sıra sənədlər də imzalanıb.
Alpər Mövludoğlu
Ordu.az