Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Makronun səfəri ən faydalı olacağı vaxt baş tutacaq”: Niyə məhz indi, kim üçün faydalıdır, yaxud 44 günlük müharibədən bir neçə epizod” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, bu gün İrəvanda Ukrayna prezidenti Zelenskiyə bu illər ərzində dövriyyədə olan məlumatları təkzib etmək imkanı yaranmışdı, çünki erməni jurnalistlərdən biri ona sual vermişdi ki, niyə Kiyev 44 günlük müharibə zamanı Bakıya sursat tədarük edirdi?
“Lakin o, sadəcə “qaçdı”. Bəlkə Zelenskinin belə davranışı üçün səbəbi var idi? İndi isə Fransanın prezidenti Makrona, daha dəqiq desək, Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammiti çərçivəsində onun səsləndirdiyi aşağıdakı bəyanata qayıdaq: “Gəlin dürüst olaq, 8 il əvvəl heç kim buraya gəlməzdi və ölkənizə bu qədər çox ilk səfərlərin olması həqiqətən yaxşı göstəricidir, çünki 8 il əvvəl bu ölkə masa arxasında oturan bir çox ölkələr tərəfindən Rusiyanın de-fakto peyki kimi qiymətləndirilirdi”.
“İlk səfər” ifadəsi Fransaya da aiddirmi? Amma xatırlatmaq lazımdır ki, 2006-cı ildə Fransanın prezidenti Jak Şirak Ermənistana səfər etmişdi və səfər çərçivəsində Fransız meydanının açılışı olmuşdu, 2011-ci ildə prezident Nikola Sarkozi Ermənistana gəlmişdi, 2014 və 2015-ci illərdə isə Fransua Olland Ermənistana səfər etmişdi”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, səfərlərdən söz düşmüşkən əlavə etmək lazımdır ki, 2024-cü ildə “168.am” Paşinyanın Fransaya baş tutan və Makronun baş tutmayan səfərləri barədə yazmışdı, daha da önəmlisi, həmin vaxt, 2021-ci ilin iyulunda “Azadlıq” radiosunun studiyasında Fransanın səfiri jurnalistin Makronun səfərinin konkret tarixləri ilə bağlı sualına cavab olaraq demişdi: “O, ən faydalı olacağı vaxt baş tutacaq”.
“Bəlkə Qarabağın itirilməsindən sonra və Ermənistan parlament seçkiləri ərəfəsində məhz bu dövr Makron üçün faydalıdır? Qeyd edək ki, 2025-ci ildə Fransanın prezidenti Makron bəyan etmişdi ki, telefon danışığı zamanı Nikol Paşinyana “erməni demokratiyasını destabilizasiya etmək cəhdlərinə qarşı Fransanın həmrəyliyini” çatdırıb.
Biz dəfələrlə yazmışıq ki, Fransa Ermənistana silah tədarük etmək qərarını yalnız Qarabağın itirilməsindən sonra verdi. “168.am” həmçinin “Fransa-Azərbaycan hərbi əməkdaşlığının nəticəsi 44 günlük müharibə meydanında görünübmü, yaxud hansı formada hiss olunub” başlıqlı məqalə dərc edib. Bizim məqsədimiz dost Fransanı nüfuzdan salmaq deyil, sadəcə quru faktları təqdim edirik.
Bir halda ki, İrəvanda Kanadanın baş naziri də var, 44 günlük müharibə zamanı onlarla bağlı üzə çıxmış bir epizodu da xatırladaq.
Belə ki, müharibə zamanı “Qarabağ müdafiə ordusu” (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) Türkiyə istehsalı olan “Bayraktar” TB2 tipli Pilotsuz Uçuş Aparatını (PUA) vura bilmişdi. Daha sonra “Qarabağ müdafiə ordusu” video yayımlamışdı və kadrlardan birində Kanadada istehsal olunmuş CMX 15D optikası görünürdü ki, bu optika Türkiyə istehsalı zərbə tipli “Bayraktar” TB2 PUA-larında istifadə olunur. Bundan sonra embarqo tətbiq olundu və Türkiyə ASELFLIR-500 optik sistemini hazırlamağa məcbur qaldı.
Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində iştirak etmək məqsədilə Çexiyanın baş naziri Andrey Babiş də Ermənistandadır. O, bir neçə gün əvvəl Azərbaycanda idi və orada İlham Əliyevlə ciddi hərbi və müdafiə razılaşmaları əldə etmişdi. Yəni, Çexiya Slovakiya nümunəsində olduğu kimi, Bakıya yalnız silah satmağı deyil, həm də birgə müəssisə yaratmağı planlaşdırır”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, İrəvanda keçirilən beynəlxalq siyasi tədbiri İtaliyanın baş naziri Corca Meloni də diqqətdən kənarda qoymayıb.
“O, Ermənistandan sonra Azərbaycana gedib və bu səfər Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İtaliyaya səfərindən sonra baş tutub. Bakı həmçinin İtaliya ilə müdafiə əməkdaşlığını gücləndirir.
Qeyd edək ki, 2024-cü ildə İtaliya Azərbaycana C-27J “Spartan” model hərbi-nəqliyyat təyyarələri tədarük etmişdi. Bu təyyarələr qoşunlara, xüsusi təyinatlı qüvvələrə və digər strukturlara taktiki dəstək verməyə imkan yaradır. Azərbaycan mənbələri yaxın vaxtlarda Azərbaycan-İtaliya müdafiə əməkdaşlığı ilə bağlı yeni xəbərlərin olacağını bildirirlər.
Azərbaycan-Ermənistan sülh gündəliyinə və münasibətlərinə gəldikdə isə, Avropa Siyasi Birliyinin sammiti göstərdi ki, “güzgü prinsipi” deyilən anlayış mövcud deyil. Məsələn, İlham Əliyev Avropa siyasətçilərinin toplantısına videobağlantı ilə qatıldı, amma Nikol Paşinyan 2028-ci ildə Bakıya gedərək orada keçiriləcək Avropa Siyasi Birliyinin 12-ci sammitində iştirak etməyə hazırdır. Üstəlik, Nikol Paşinyan müxaliflərini tez-tez müharibəyə aparan, təxribat xarakterli ifadələr işlətməkdə ittiham edir, halbuki onun çıxışı zamanı Azərbaycan Prezidenti xüsusi olaraq vurğulayıb:
“2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoyduq. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.
Daha sonra İlham Əliyev Avropa Parlamentini sülh prosesinə zərər vurmaqda və sabotajda ittiham edib: “Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”.
Yəni, İlham Əliyev “Qarabağ hərəkatı”nın (erməni separatizmi-red.) “iştirakçıları”nı, Qarabağ müharibəsinin iştirakçılarını və “Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyi”ni (ağır cinayətlərə görə həbs edilmiş erməniəsilli şəxslər-red.) açıq şəkildə cinayətkar hesab edir və bildirir ki, Nürnberq məhkəməsi keçirib. Lakin Nikol Paşinyan buna heç bir reaksiya vermir.
Bu isə o halda baş verir ki, hazırkı hakimiyyət müxalifətdə olarkən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı ittiham edirdi ki, niyə o vaxt Qazaxıstan prezidenti Nursultan Nazarbayevin AİB iclasında İlham Əliyevin məktubunu oxuduğu anda dərhal cavab vermədi”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az