Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Kristine Qriqoryan Ermənistanın təhlükəsizlik riskləri barədə Xarici Kəşfiyyat Xidmətinin hesabatındakı iddiaların qüvvədə olduğunu etiraf edib: Nə deyilib?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, müzakirədən sonra parlamentdə jurnalistlər ondan bir neçə məsələ, kənardan Ermənistana qarşı hibrid müharibə, Nikol Paşinyanın seçilməyəcəyi halda payızda müharibə ehtimalı ilə bağlı şərh almağa çalışıblar.
“Buna cavab olaraq Kristine Qriqoryan şərh verməyə hazırlaşmadığını bildirib, sonra əlavə edib ki, ikinci məsələ barədə qapalı iclasda danışıb, ictimai şəkildə əlavə deyəcəyi söz yoxdur.
“Əgər Ermənistan-Azərbaycan münasibətlərində təhlükə görmürsünüzsə, o zaman mümkün müharibə ilə bağlı bu bəyanata dair hansı izahı verəcəksiniz?” şəklində əks-suala Xarici Kəşfiyyat Xidmətinin rəhbəri aşağıdakılarla kifayətlənib: “Bizim açıq illik hesabatımızda verilmiş bəyanat qüvvədədir”.
Bəs 2026-cı ildə yayımlanmış Xarici Kəşfiyyat Xidmətinin hesabatında hansı iddialar olub?
Ermənistanın xarici təhlükəsizlik riskləri. Eskalasiya ehtimalı
2025-ci ildə intensiv şəkildə davam edən ikitərəfli yüksək səviyyəli danışıqlar, həmçinin avqustun 8-də ABŞ prezidenti Donald Trampın fəal iştirakı ilə əldə edilən Vaşinqton Bəyannaməsi və “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişin paraflanması nəticəsində hərbi eskalasiya ehtimalı xeyli azalıb, sülh yolu ilə tənzimləmə ehtimalı isə artıb.
Qeyd olunan və müşayiət edən proseslərin, məlumatların hərtərəfli təhlili nəticəsində 2026-cı ildə Ermənistan və Azərbaycan arasında hərbi-siyasi niyyətlə şərtlənən müxtəlif miqyaslı hərbi eskalasiyanı demək olar ki, mümkünsüz hesab edirik. Hərbi-siyasi niyyətlə şərtlənməyən lokal hərəkətləri və ya insidentləri də az ehtimal edirik.
Xidmətin müşahidələri göstərir ki, Azərbaycanın hərbi xərclərinin artımı davam edir. Bu məsələnin riskli qiymətləndirilməsinin əsasında təkcə sırf hərbi xərclərin artması deyil, həm də hərbi ayırmaların artım tempinin digər sahələr üzrə ayırmaların tempini əhəmiyyətli dərəcədə üstələməsi və bir çox hallarda zahirən digər sahələrin hesabına həyata keçirilməsi dayanır.
Azərbaycan büdcəsində hərbi və digər sahələr üzrə 2024-2026-cı illərin ayırmaları 2023-cü ilin eyni ayırmaları ilə müqayisə edilib. Nəticədə 2026-cı ilin hərbi ayırmaları təxminən 44% artıb, digər sahələr üzrə ayırmalar isə cəmi 7,4% artıb. 2026-cı ildə hətta qeyri-hərbi sahələr üzrə ayırmalarda 2025-ci illə müqayisədə müəyyən azalma var, halbuki hərbi sahə üzrə ayırmalar 2026-cı il üçün artmaqda davam edib.
Regional infrastruktur və iqtisadi proqramlar sülhün institusionallaşdırılmasının yeganə hərəkətverici qüvvəsi olmasa da, hər halda böyük potensiala malikdir: bir tərəfdən, regionda hərbi eskalasiyanın qiymətini artırmaq, digər tərəfdən isə region dövlətlərinə həmin proqramlarda iştirak vasitəsilə öz siyasi və iqtisadi amillərini gücləndirmək imkanı təklif etmək”, - deyə nəşr bildirib.
Son bəndin kontekstində “168.am” qeyd edib ki, hesabat 2026-cı ilin yanvarında dərc olunmuşdu, bundan sonra ABŞ-İsrailin İrana qarşı müharibəsi baş verib və bu, mütəxəssislərə TRIPP (Zəngəzur dəhlzii-red.) layihəsinin mümkün yenidən nəzərdən keçirilməsi barədə danışmağa imkan verib.
“Yeri gəlmişkən, hərbi risklər kontekstində əlavə edək ki, “The New Indian Express” Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Edvard Asryanın Hindistana səfərinin nəticələri ilə bağlı təfərrüatlar açıqlayıb.

Xüsusilə qeyd olunur ki, Hindistan Müdafiə Birləşmiş Qərargahının məlumatına görə, “tərəflər hərbi texnikanın hazırlanması üzrə birgə müəssisələrin yaradılması imkanlarını araşdırıblar”, bu isə ənənəvi alıcı-satıcı münasibətlərindən birgə hazırlama və yerli istehsal sahəsində tərəfdaşlığa keçidi göstərir.
KİV-in məlumatına görə, Ermənistan Hindistan istehsalı olan müəyyən müdafiə sistemlərinin daxili istehsalı və ya inteqrasiyası variantlarını araşdırır.
Eyni zamanda məlum olub ki, “yer-yer” sinfinə məxsus Hindistanın “Pralay” taktiki kvaziballistik raket sistemlərinin alınma dəyəri ətrafında danışıqlar aparılır, çünki Hindistan mənbələrinin məlumatına görə, İrəvan Azərbaycanın uzaqmənzilli dəqiq zərbə vasitələrinə, o cümlədən İsrail istehsalı LORA raketlərinə qarşı çəkindirməni gücləndirməyə çalışır.
Bundan başqa, Hindistan KİV-inə görə, Ermənistan uzaqmənzilli “Astra MK1” “hava-hava” sinfinə məxsus raketin alınması və öz “Su-30SM” qırıcılarının mümkün modernləşdirilməsi imkanını nəzərdən keçirir”, - deyə müəllif yazıb.

“168.am” bildirib ki, “The New Indian Express”in açıqladığı məlumatların nə dərəcədə uyğun olduğunu zaman göstərəcək, bəlkə də hansısa mərhələdə bu barədə Ermənistan Müdafiə Nazirliyi də danışar.
“Yeri gəlmişkən, “Su-30”ların modernləşdirilməsi və yenilərinin alınması barədə biz daha əvvəl müdafiə qurumuna sorğular göndərmişik, lakin tələb olunan məlumat dövlət sirri hesab edilib. Bununla belə, bu ilin yanvarında “168.am”ın “Su-30SM”ləri nə vaxtsa bütün gücü ilə tətbiq edə biləcəyikmi?” sualına Ermənistan müdafiə naziri Suren Papikyan belə cavab vermişdi: “Su-30SM”lər üçün kifayət qədər müəyyən silahlanmamız var, lakin əlavələr də gözlənilir. “Su-30SM”lər kifayət qədər yaxşı qırıcılardır, mən onların rolunu çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, onlar həm ölkəmizin hava hücumundan müdafiəsi, həm də ərazi bütövlüyünün müdafiəsi işində böyük rol oynaya bilərlər”, - deyə məqalədə qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az