Erməni ekspert: “Bu mərhələdə Azərbaycanın tələbləri Kərkiyə, Yuxarı Əskiparaya, Azatamuta bitişik ərazilərə aid olacaq”

2026/05/1777618672.jpg
Oxunub: 397     17:31     01 May 2026    
Aprelin 29-da Azərbaycan Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana gəlmişdi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Beynəlxalq münasibətlər üzrə erməni mütəxəssis, “HayaKve” üzvü Menua Soğomonyan nəşrə bildirib ki, Azərbaycanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri barədə məlumat yoxdur, buna görə də səfərin məqsədi ilə bağlı yalnız ehtimallar irəli sürmək olar.

“Şahin Mustafayev Azərbaycan tərəfindən delimitasiya və demarkasiya adlandırılan prosesləri koordinasiya edən şəxsdir. Təbii ki, burada söhbət həmin prosesi davam etdirmək üçün müəyyən razılaşmalardan gedir, amma bu, ehtimal ola bilər, çünki səfərlə bağlı bizə heç bir məlumat məlum deyil. Lakin ehtimal etmək olar ki, Nikol Paşinyanın yenidən seçilməsinə hər cür dəstək göstərən azərbaycanlıların alacaqları var”, - deyə o qeyd edib.

Soğomonyan bildirib ki, bu mərhələdə Azərbaycanın tələbləri Kərkiyə, Yuxarı Əskiparaya, Azatamuta bitişik ərazilərə aid olacaq.

“Bunları Sofulu və Barxudarlı adlandırırlar. Bu, mənim rasional ehtimalımdır və gündəlik də bu məsələlər ətrafında olmalıdır. Üstəlik, görürük ki, hansısa gizli razılaşmalar içindədirlər”, - deyə o vurğulayıb.

Soğomonyanın sözlərinə görə, hazırkı seçkiqabağı dövrdən, bu dövrdə baş verən hadisələrdən istifadə edərək, müxtəlif qüvvələrin öz seçkiqabağı təşkilati məsələlərinə fokuslandığı bir vaxtda, yəqin ki, Azərbaycanla hansısa razılaşmaları təsbit etmək üçün münasib dövr seçiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Kərki   Yuxarı-Əskipara  


Bizi "telegram"da izləyin