Ermənistanda etirz aksiyası: “Bina uçur, uşaqları evdən çıxarmışıq”

2026/04/sdfsd-1776862311.jpg
Oxunub: 345     16:53     22 Aprel 2026    
Ermənistanda Vardaşen sakinləri bu gün İrəvan şəhər bələdiyyəsinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar bildirirlər ki, məhəllədəki binalar qəzalı vəziyyətdədir və artıq bir neçə uçqun hadisəsi baş verib.

Aksiya iştirakçılarından Liana Martirosyan jurnalistlərlə söhbətində bildirib ki, yenə də aldadıldıqlarını hiss edirlər: “İndi də sabah saat 1-də olacağını deyiblər, amma 99 faiz ümidimiz yoxdur ki, müsbət cavab alacağıq. Bizim bina Vardaşen 6-cı küçə 68/a-dadır və hazırda dəhşətli vəziyyətdədir. Mən 3 nəvəmi evdən başqa yerə köçürmüşəm. Bizə daim deyirlər ki, düşünürük, amma heç nə düşünmürlər, yalnız öz kreslolarını düşünürlər, altları möhkəm, qarınları toxdur. 150 sakinin həyatı heç kimin vecinə deyil. Nəyi gözləyirlər, o iki bina yerlə bir olsun, sonra gəlib hansısa kompensasiya versinlər və ya birotaqlı ev versinlər, insanlar da getsin.

Nə qədər vaxtdır gəlirik, gedirik, amma heç bir nəticə yoxdur. Baş nazir deyirdi ki, pul problemi yoxdur, məgər indi bizi mənzillərlə təmin edə bilmirlər? Mən özüm üçün qorxmuram, nəvələrim üçün narahat oluram, onlardan biri 1,5 yaşındadır. İki gün yağış yağıb, içəridə elə rütubət var ki, təsvir etmək mümkün deyil, bina uçur. Gecə bina titrəyir, cırıldayır. Mən də qərara gəlmişəm ki, qapını bağlayım, kirayəyə gedim yaşayım, yoxsa ev uçsa, panellərin altında qalım?”.

O bildirib ki, onlara daim “Gözləyin, qərar hökumətdədir, son mərhələdədir, bundan sonra sizi evlərlə və ya kompensasiya ilə təmin edəcəyik” deyirlər. “Hamısı boş sözlərdir, heç nə etmirlər. Onların istəyi budur ki, bu iki ay da keçsin, seçkilər bitsin, xalq isə yenə çürük binada qalsın. Baş nazir hara istəyir gedir, qoy ayağını Vardaşenə bassın, görsün vəziyyət nə gündədir. Bilirik ki, gəlməyəcək, çünki o, yaxşı göründüyü yerlərə gedir”, - deyə Liana Martirosyan bildirib.

Vardaşen 68/a binasının sakinlərindən Karen Gevorqyan da əlavə edib ki, şəhər bələdiyyəsindən onların məsələsi ilə məşğul olan məmur “Ya sata bilirsinizsə satın gedin, ya da gözləyin, sizə 10-15 min dollar kompensasiya veriləcək” deyib: “Bu vəziyyətdə satmaq mümkün deyil, sata bilsəydik, çoxdan satardıq. Mənim yaşamağa pulum var, amma mənzil almağa pulum yoxdur. Biz Tiqran Avinyanı seçmişik, amma indi aşağı düşüb bizimlə danışmağa lütf etmir.

Bina suyun içindədir, üfunət iyi boğur, kanalizasiya yoxdur, divarlar bir-birindən ayrılıb. Onlar istəyirlər ki, bizdən biri nəsə etsin, həbs etsinlər və bizi dağıtsınlar. Heç nə edə bilməyəcəklər”.

Erməni sakinlər görüş təşkil olunmasını, üz-üzə oturub onlara dəqiq cavab verilməsini təklif edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin