ABŞ İranla yaşanan qarşıdurma səbəbindən sursat ehtiyatlarının azalması nəticəsində Avropadakı müttəfiqlərinə silah tədarükünü gecikdirir

2026/04/1776840499.jpg
Oxunub: 341     10:44     22 Aprel 2026    
ABŞ-nin İranla əlaqəli qarşıdurmaların yaratdığı yüksək sursat istehlakı səbəbindən Avropadakı müttəfiqlərinə bəzi silah və sursat tədarüklərini təxirə saldığı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Reuters” tərəfindən yayılan və mövzuya yaxın beş ayrı mənbəyə əsaslanan məlumatlara görə, artan əməliyyat ehtiyacları ABŞ ehtiyatları üzərində ciddi təzyiq yaradıb.

Əməliyyatlar ehtiyatları sürətlə tükəndirdi

2026-cı il fevralın 28-də başlayan hərbi əməliyyat prosesinin xüsusilə yüksək dəqiqlikli idarəolunan sursatların və hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərin sərfiyyatını əhəmiyyətli dərəcədə artırdığı bildirilir. Bu vəziyyətin ABŞ-nin mövcud inventarında sürətli azalmaya gətirib çıxardığı və planlaşdırılmış ixrac tədarüklərinə birbaşa təsir etdiyi qeyd olunur.

ABŞ rəsmilərinin Xarici Hərbi Satışlar (Foreign Military Sales) proqramı çərçivəsində razılaşma əldə edilən bəzi ölkələrə tədarüklərin nəzərdə tutulan qrafik üzrə həyata keçirilə bilməyəcəyini çatdırdığı bildirilib.

Baltik ölkələrindən ilk təsdiq

Tədarük gecikmələrinin Avropadakı bəzi ölkələr tərəfindən təsdiqləndiyi bildirilib. Xüsusilə Litva və Estoniyanın Vaşinqtondan bu istiqamətdə rəsmi məlumatlandırma aldığı qeyd olunub.

Estoniyanın müdafiə naziri Hanno Pevkur mövzu ilə bağlı açıqlamasında deyib: “Gecikmələrin HIMARS sursat tədarükünə də təsir göstərə biləcəyi bizə bildirildi. Hətta Estoniya üçün göndərişin faktiki olaraq dayandığını demək olar”. Pevkur həmçinin tədarüklərin yenidən başlamasına dair gözləntilərin davam etdiyini, lakin dəqiq qrafikin olmadığını vurğulayıb.

“Patriot” sistemləri ön plandadır

Mənbələrə görə, ən böyük təzyiq xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan idarəolunan raketlərdə hiss olunur. Bununla yanaşı, yaşanan gecikmələrin yalnız müəyyən bir sursat növü ilə məhdudlaşmadığı, fərqli sistem və kateqoriyalarda da oxşar aksaklıqların müşahidə edildiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Silah   Avropa  


Bizi "telegram"da izləyin