Avstraliya 7 milyard dollarlıq antidron addımı atıb

2026/04/1776839933.jpg
Oxunub: 426     10:29     22 Aprel 2026    
Avstraliya hökuməti pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı müdafiə qabiliyyətini artırmaq məqsədilə qarşıdakı on il ərzində 7 milyard dollara qədər investisiya qoyacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, sözügedən addım 2026-cı il Milli Müdafiə Strategiyası və İnteqrasiya olunmuş İnvestisiya Proqramı çərçivəsində həyata keçirilir və ölkənin mövcud antidron investisiyalarını iki dəfədən çox artıran addım kimi önə çıxır.

İlk müqavilələr yerli şirkətlərə verildi

Müdafiə Sənayesi naziri Pat Konroy tərəfindən açıqlanan plan çərçivəsində ilk mərhələdə iki Avstraliya şirkətinə müqavilə verilib. “Advanced Strategic Capabilities Accelerator”un (ASCA) tərkibində həyata keçirilən “Mission Syracuse” proqramı çərçivəsində “AIM Defence” şirkəti 21,3 milyon dollar, “SYPAQ Systems” isə 10,4 milyon dollar həcmində dəstək alıb.

“AIM Defence” “Fractl” adlı yüksək enerjili lazer əsaslı antidron sistemi üzərində işləyir. “SYPAQ Systems” isə daha böyük pilotsuz uçuş aparatlarını aşkar edib məhv edə bilən “Corvo Strike” adlı önləyici pilotsuz uçuş aparatı sistemini inkişaf etdirəcək. Hər iki platformanın yerli istehsal olması Avstraliyanın müdafiə sahəsində xarici asılılığı azaltmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Lazer və önləyici pilotsuz uçuş aparatı texnologiyaları önə çıxır

“Fractl” sistemi saatda 100 kilometrdən yüksək sürətlə hərəkət edən hədəfləri izləyə bilən və hətta kiçik ölçülü obyektləri belə aşkar edə bilən daşına bilən yüksək enerjili lazer həlli kimi hazırlanıb. Sistem tək hədəflərlə yanaşı, pilotsuz uçuş aparatı sürüsü hücumlarına qarşı da effektiv olmağı hədəfləyir.

“Corvo Strike” isə fərqli yanaşma təqdim edərək düşmən pilotsuz uçuş aparatlarını fiziki olaraq izləyən və məhv edən önləyici pilotsuz uçuş aparatı konsepsiyası ilə diqqət çəkir. Bu yanaşma müasir döyüş meydanında getdikcə daha geniş yayılan orta və böyük sinfinə məxsus pilotsuz uçuş aparatlarına qarşı həll hazırlamağı hədəfləyir.

İnteqrasiya olunmuş müdafiə arxitekturası qurulacaq

İnkişaf etdiriləcək sistemlərin Avstraliya Müdafiə Qüvvələrinin mövcud komanda-idarəetmə infrastrukturuna inteqrasiya olunması planlaşdırılır. LAND156 proqramı çərçivəsində aparılan işlərlə birlikdə bu platformaların müstəqil sistemlər kimi deyil, bütövləşmiş hava hücumundan müdafiə şəbəkəsi daxilində fəaliyyət göstərməsi hədəflənir.

ASCA-nın rəhbəri general-mayor Hyu Meqqitt proqramın əhəmiyyəti ilə bağlı bildirib: “Mission Syracuse” Avstraliya sənayesinin kinetik və yönləndirilmiş enerji sahəsində qabaqcıl qabiliyyətlərindən istifadə edərək pilotsuz uçuş aparatlarını aşkar etmə, izləmə və zərərsizləşdirmə imkanını əhəmiyyətli dərəcədə artıracaq”.

“Ulduz müharibələri”nə yaxınlaşırıq

Müdafiə Sənayesi naziri Pat Konroy isə açıqlamasında hökumətin yerli texnologiyalara yatırdığı sərmayə ilə daha güclü və daha davamlı müdafiə sənayesi qurmağı hədəflədiyini bildirərək bunları deyib: “2026-cı il İnteqrasiya olunmuş İnvestisiya Proqramı çərçivəsində pilotsuz sistemlərə və antidron qabiliyyətlərinə rekord səviyyədə investisiya qoyuruq. Ukraynadakı müharibə və Yaxın Şərqdəki münaqişələr pilotsuz uçuş aparatlarının döyüş meydanında getdikcə daha çox istifadə olunduğunu açıq şəkildə göstərir”.

Konroy inkişaf etdirilən sistemlərlə bağlı qiymətləndirməsində isə deyib: “Önləyici pilotsuz uçuş aparatları və yüksək enerjili lazerlər... Tam olaraq “Ulduz müharibələri” deyil, amma ona yaxınlaşırıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   PUA  


Bizi "telegram"da izləyin