Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlıumat yayıb.
KİV-lərin və ABŞ rəsmilərinin yaydığı bütün məlumatlara baxmayaraq, İran danışıq qrupu Pakistan vasitəçisi vasitəsilə ABŞ tərəfinə bildirib ki, müxtəlif səbəblərə görə çərşənbə günü Pakistanın paytaxtı İslamabadda olmayacaq və hazırda danışıqlarda iştirak perspektivi yoxdur.
Mənbələr hesab edir ki, iranlı danışıqçıların iştirak etməməsinin səbəbi budur ki, Pakistan vasitəçiliyi üzərinə götürdükdən və ABŞ tərəfi atəşkəs istədikdən sonra İran müharibəyə son qoymaq məqsədilə təqdim etdiyi 10 bəndlik çərçivə əsasında atəşkəsə və sonrakı danışıqlara razılıq verib. ABŞ bu çərçivəni qəbul etmişdi. Pakistan da amerikalıların bu çərçivəni qəbul etdiyini xüsusi şəkildə bəyan etmişdi. Lakin bundan dərhal sonra ABŞ tərəfi öz öhdəliklərini pozmağa başlayıb.
ABŞ tərəfi öhdəliklərini tam pozaraq israilliləri Livanda atəşkəsə məcbur etməkdən imtina edib və bu addım bir neçə gün ərzində danışıqlarda ciddi maneələr yaradıb. Bundan əlavə, İslamabaddakı danışıqların ilk mərhələsində amerikalılar çox böyük tələblər irəli sürüblər ki, bu da ilkin çərçivənin pozulması idi və danışıqların birinci mərhələsini tam çıxılmaz vəziyyətə salıb.
ABŞ döyüş meydanında uğursuzluğa baxmayaraq hesab edirdi ki, müharibədəki uğursuzluğu danışıqlarda həddindən artıq tələblər irəli sürməklə kompensasiya edə biləcək. Bununla yanaşı, İslamabad danışıqlarından bir neçə gün sonra ABŞ İsrailə İranın raket zərbəsi endirəcəyi barədə açıq təhdidindən sonra Livanda atəşkəs yaratmağa məcbur olub.
Bu hadisələrdən sonra İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İran atəşkəs rejiminin ilkin şərtləri və əvvəlcədən razılaşdırılmış çərçivə əsasında Hörmüz boğazını ticarət gəmiləri üçün açacaq. Lakin İranın bu addımından dərhal sonra ABŞ tərəfinin İranın dəniz blokadasını saxlamağa yönəlmiş “düşmən hərəkətləri” davam edib.
Son bir neçə gün ərzində mübadilə olunan mesajlarda amerikalılar həddindən artıq tələblərindən geri çəkilməyiblər. Bu tələblər İran xalqının hüquqlarına ziddir və tərəflər arasında mesaj mübadiləsində heç bir ciddi irəliləyiş qeydə alınmayıb. Buna görə İran bu gün yekun olaraq bəyan edib ki, belə şəraitdə Pakistanda danışıqlarda iştirak etmək Tehran üçün “vaxtın mənasız itkisi”dir, çünki ABŞ hər hansı münasib razılaşmaya nail olunmasına mane olur. Buna görə də “İran ABŞ şousuna qoşulmayacaq”.
Qərar bu gün pakistanlılar vasitəsilə elan olunub və İran çərşənbə günü Pakistanda iştirak etməyəcək, məqsəd isə öz xalqının hüquqlarını tam qorumaqdır.
Sevinc Əliyeva
Ordu.az