Körfəzdə yeni təhlükəsizlik arxitekturası: Qətər Pakistan ilə strateji müdafiə razılaşmasına yaxınlaşır

2026/04/1776795670.jpg
Oxunub: 777     22:18     21 Aprel 2026    
Qətər nüvə gücünə malik Pakistan ilə strateji müdafiə razılaşması imzalamaq yolunda kritik addımlar atır.

Ordu.az xəbər verir ki, 2025-ci il sentyabrda Dohaya qarşı həyata keçirilən hava hücumlarından sonra sürətlənən danışıqlar Körfəz bölgəsində müdafiə strategiyalarının “tək xarici zəmanətlər” əvəzinə çox təbəqəli tərəfdaşlıqlara və regional çəkindirməyə doğru təkamül etdiyini göstərir.

“Defence Security Asia”nın xəbərinə görə, Qətərin nüvə silahlarına malik Pakistan ilə strateji müdafiə razılaşmasına yönəlmiş addımı Səudiyyə Ərəbistanının İslamabad ilə imzaladığı qarşılıqlı müdafiə paktından bəri Körfəzdə ən mühüm hərbi inkişaflardan biri kimi qiymətləndirilir. Sözügedən razılaşma prosesi 2025-ci il sentyabrda İsrailin Dohaya təşkil etdiyi hava hücumlarından sonra bölgədə artan təhlükəsizlik narahatlıqları və ABŞ-nin təhlükəsizlik öhdəliklərinə baxmayaraq zəngin Körfəz ölkələrinin üzləşdiyi kövrəkliklər fonunda intensivləşib.

Qətər Pakistan ilə quracağı bu tərəfdaşlıqla gələcək müdafiə planlamasının artıq tək bir xarici zəmanətçiyə deyil, şaxələndirilmiş hərbi münasibətlərə, təbəqəli çəkindirmə strukturlarına və yerli hazırlıq vəziyyətinə əsaslanacağının siqnalını verir. Pakistanın Baş naziri Şahbaz Şərifin Dohadakı son görüşləri və Qətərin Baş nazir müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd Al Atiyyahın (Şeyx Səud bin Abdurrahman Al Sani) Pakistan ordusuna yönəlmiş “yüksək standart” tərifləri danışıqları sürətləndirib.

2025-ci il sentyabrda imzalanan Səudiyyə Ərəbistanı-Pakistan Strateji Qarşılıqlı Müdafiə Razılaşması tərəflərdən birinə edilən hücumun kollektiv şəkildə qiymətləndirilməsini nəzərdə tutaraq Körfəz təhlükəsizlik balanslarını kökündən dəyişmişdi. Qətərin üzərində işlədiyi razılaşma isə ilkin mərhələdə birbaşa hərbi qüvvə yerləşdirməkdən daha çox, hərbi birliklərin qarşılıqlı işləkliyi, təlim, kəşfiyyat paylaşımı və müdafiə sənayesi əməkdaşlığına fokuslanır. Pakistan ordusunun əməliyyat təcrübəsi, səfərbərlik qabiliyyəti və nüvə çəkindirməsi İslamabadı Körfəz ölkələri üçün əvəzolunmaz hərbi tərəfdaşa çevirir.

Danışıqların mərkəzində birgə hərbi təlimlər, komanda simulyasiyaları və peşəkar hərbi hazırlıq dayanır. Qətər Pakistanın inteqrasiya edilmiş hava hücumundan müdafiə, terrorla mübarizə və sürətli səfərbərlik doktrinalarından yararlanmağı hədəfləyir. Xüsusilə pilotsuz uçuş aparatları və kibertəhlükəsizlik sahəsindəki əməkdaşlıq razılaşmanın strateji onurğa sütununu təşkil edir. Doha aşağı xərcli pilotsuz uçuş aparatı təhdidlərinə qarşı Pakistanın bu sahədəki təcrübəsini öz hava məkanı təhlükəsizliyinə inteqrasiya etməyi hədəfləyir.

Pakistan Prezidenti Asif Əli Zərdari ilə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin görüşlərində müdafiə istehsalı əməkdaşlığı təklifi önə çıxıb. Pakistan müdafiə sənayesi Qətərə təlim təyyarələri, pilotsuz uçuş aparatı sistemləri, sursat və hərbi elektronika sahələrində Qərbdən asılılığı azaldacaq xərc baxımından səmərəli həllər təklif edir. Bu tərəfdaşlığın Pakistan tərəfi üçün də ixrac gəliri və uzunmüddətli iqtisadi dəstək baxımından kritik əhəmiyyəti var.

Analitiklər bildirirlər ki, bu razılaşma tamamlandığı halda Səudiyyə Ərəbistanı, Qətər və Pakistanla yanaşı Türkiyənin də yer ala biləcəyi daha geniş müdafiə inteqrasiyasına zəmin yarada bilər. NATO-ya bənzər avtomatik müdafiə öhdəliyi ehtiva etməsə də, bu model çevik çəkindirmə, kəşfiyyat mübadiləsi və miqyaslana bilən hərbi koordinasiya üzərində qurulmuş təhlükəsizlik arxitekturası təqdim edir. Qətər üçün bu addım “Al Udeid” Hava Bazasındakı ABŞ mövcudluğunu əvəz etmək deyil, onu tamamlayan və şaxələndirilmiş təhlükəsizlik təbəqəsi yaratmaq mənası daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Pakistan  


Bizi "telegram"da izləyin