Polkovnik-leytenant Səfa Zöhrab oğlu Səmədov Lerik rayonunun Pirəsoran kəndində, müəllim ailəsində doğulsa da, onun uşaqlıq və məktəb illəri Neftçala rayonunun Xol Qaraqaşlı kəndi ilə bağlıdır. Çünki atası Zöhrab müəllim institutu bitirəndən sonra Xol Qaraqaşlı kənd orta məktəbində müəllim işləməyə başlayıb. Onun orta məktəbdə oxuduğu illərdə torpaqlarımız ermənilərin işğalı altında idi. Səfa da hamı kimi torpaqları azad etmək, Vətənin ərazi bütövlüyünü tam görmək istəyirdi. Bu arzu, bu istək onu indiki Heydər Əliyev adına Hərbi İnstitutun “Təyyarəçilik” fakültəsinə gətirdi. Səfa düşünürdü ki, müasir ordular daha çox döyüş üçün təyyarələrə və helikopterlərə üstünlük verir. O, orta məktəbdə oxuyanda özünü gələcəyin pilotu görürdü. Bu istəyə, bu amala yetmək üçün çalışdı və məqsədinə çatdı. Əbəs yerə deyilməyib: “Niyyətin hara, mənzilin ora”.
Səfa helikopterlə uçuş keçirməzdən əvvəl onun haqqında nəzəri bilikləri mükəmməl mənimsəyib. Təcrübəli pilotların yanında uçuşlar edib, püxtələşib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev düşmənin cəbhə xəttində törətdiyi təxribata cavab olaraq orduya əks-hücum əmri verdi. Bütün qoşunlar döyüşə cəlb edildi. Pilotlar da döyüş tapşırıqlarını cəbhənin müxtəlif istiqamətlərində yerinə yetirmək barədə əmr aldılar. Həmin vaxt gənc, perspektivli pilot Səfa Səmədov Tərtər-Ağdərə bölgəsində düşmənin əsas hədəflərini məhv etdi. Talış, Suqovuşan yaşayış məntəqələrinin azad edilməsi zamanı Səfa helikopterlə dəfələrlə səmaya qalxaraq uğurla döyüş tapşırığını yerinə yetirib, sağ-salamat məntəqəyə eniş edib. Səfa həmin günləri belə xatırlayır: “Cəbhə boyu gərgin döyüşlər gedirdi. Düşmən daha çox Ağdərə istiqamətində qüvvə toplamışdı. Cəbhə xəttini yarmaq, sanki müşkül olmuşdu. Döyüşün ilk günü mənə bir neçə helikopter hədəfi verdilər. Verilən hədəfləri nəyin bahasına olursa-olsun, məhv etməli idim. Bu mənim ilk döyüş uçuşum olacaqdı. Helikopteri düşmənə hədəf verməməklə tapşırığı yerinə yetirmək barədə bir neçə gedişi nəzərdən keçirdim. Daha uyğun istiqamət üzrə qərarlaşıb döyüş uçuşu etdim və hədəfləri dəqiq atəşlə zərərsizləşdirdim. Sonradan bu cür uçuşlarım çox oldu”.
Bacarıqlı pilot müharibə zamanı Ağdam istiqamətində də düşmənə ağır zərbələr endirib. Belə ki, düşmən hücumunun qarşısının alınması naminə uğurlu döyüş tapşırıqlarını icra edib.
Polkovnik-leytenant Səfa Səmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub. Səfa 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatında da iştirak edib.
Peşəkar pilot Səfa Səmədov bu gün də xidmətini nümunəvi davam etdirir. Torpaqlarımızın azad edilməsində fəal iştirakına görə pilotumuz özünü xoşbəxt hiss edir. Bundan sonra da istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə hazır olduğunu bildirdi.
Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az