Ordu.az xəbər verir ki, Şimali Karolina Dövlət Universiteti və Hyuston Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan yeni kompozit həm dayanıqlılıq, həm də bərpa qabiliyyəti baxımından mövcud həlləri geridə qoyur.
Hazırlanan quruluş liflə gücləndirilmiş polimer (FRP) kompozitlərə bənzər görünüşə malikdir. Lakin əsas fərq qatlar arasında istifadə olunan xüsusi ara quruluşda ortaya çıxır. Bu quruluş zamanla yaranan və kompozitlərdə ən kritik problemlərdən biri olan qat ayrılmasına qarşı daha yüksək müqavimət göstərir.
Ara təbəqədə istifadə olunan xüsusi termoplastik material sayəsində ənənəvi həllərlə müqayisədə 2-4 dəfə daha dayanıqlı quruluş əldə edilib. Sistemin ən diqqətçəkən tərəfi isə aktiv bərpa mexanizmidir.
Materialın içərisinə inteqrasiya edilən karbon əsaslı qızdırıcı təbəqələr elektrik cərəyanı tətbiq ediləndə işə düşür. Bu prosesdə ara qatda olan material ərəyərək mikroskopik çatları doldurur və yenidən birləşmə təmin olunur.
Bu baxımdan “Thermal remending” adlandırılan üsul materialın təkrar-təkrar istifadə olunmasını mümkün edir.
500 ilə qədər istifadə ömrü iddiası
Aparılan sınaqlarda tədqiqatçılar materialın dayanıqlılığını ölçmək üçün nəzarətli zədələr yaradıb və bərpa prosesini 1000 dəfə təkrarlayıblar. Təxminən 40 gün davam edən sınaqlarda materialın struktur bütövlüyünü böyük ölçüdə qoruduğu müşahidə olunub.
Zamanla dayanıqlılıqda kiçik azalmalar baş versə də, bu azalmanın olduqca məhdud olduğu bildirilir. Bu inkişafın ən mühüm təsiri istifadə müddəti sahəsində ortaya çıxır. Ənənəvi FRP kompozitlərinin orta hesabla 15-40 il istifadə müddəti təqdim etdiyi məlum olduğu halda, yeni materialın nəzəri olaraq yüzlərlə il dayana biləcəyi paylaşılıb.
Bu da xüsusilə aviasiya, avtomobil, kosmos və bərpa olunan enerji kimi sahələrdə ciddi dönüşüm deməkdir. Bununla yanaşı tədqiqatçılar texnologiyanın hələ laboratoriya mərhələsində olduğunu bildirirlər. Real dünya şəraitində aparılacaq sınaqlardan sonra bu materialın sənaye istifadəsinə nə qədər uyğun olduğu daha aydın olacaq.
Lakin mövcud məlumatlar xərclərin azaldılması və davamlılıq baxımından mühüm potensiala işarə edir.
Sevinc Əliyeva
Ordu.az