ABŞ Apellyasiya Məhkəməsi Tramp administrasiyasına Ağ Evdə bal zalının tikintisini davam etdirməyə icazə verib

2026/04/1775927510.jpg
Oxunub: 462     11:27     18 Aprel 2026    
ABŞ Apellyasiya Məhkəməsi Donald Tramp administrasiyasına Ağ Evin sökülmüş Şərq qanadının yerində 400 milyon dollar dəyərində mərasim zalının tikintisini davam etdirməyə icazə verib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iyun ayında təyin olunmuş məhkəmə dinləmələri zamanı layihənin dayandırılması qərarının ləğvi məsələsinə baxılacaq.

Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət heyəti hazırda aşağı instansiyanın tətbiq etdiyi qadağanı aradan qaldırıb.

Bu qərar heyətə Ədliyyə Nazirliyinin müraciətini araşdırmaq və şikayət mərhələsində olan tikinti qadağasını ləğv etmək üçün vaxt verir.

Apellyasiya Məhkəməsi bildirib ki, iyunun 5-də tərəflərin arqumentləri dinləniləcək və yekun qərara qədər tikintinin dayandırılmasının zəruri olub-olmadığı müəyyənləşdiriləcək.

Qərar əsas məhkəmə iddiasının mahiyyətinə toxunmur. Həmin iddia Tramp administrasiyasının bal zalı tikintisi ilə bağlı səlahiyyətlərini mübahisələndirir.

Bununla hakim Riçard Leon tərəfindən çıxarılmış əvvəlki qərar müvəqqəti olaraq ləğv edilir.

Xatırladaq ki, hakim layihəni ABŞ Konqresinin razılığını almadığı üçün qanunsuz hesab etmişdi.

Dekabr ayında “Milli Fond” Trampa və bir neçə federal quruma qarşı məhkəmə iddiası qaldırmışdı. Səbəb administrasiyanın Ağ Evin Şərq qanadını sökərək onun yerində mərasim zalı tikmək planı idi.

Fond iddia edir ki, ABŞ prezidenti və Milli Parklar Xidməti tarixi binanı sökmək səlahiyyətinə malik olmayıb.

Tramp isə bu zalı Ağ Ev üçün mühüm əlavə və Vaşinqtonu yenidən qurmaq üzrə genişmiqyaslı proqramının bir hissəsi hesab edir.

ABŞ administrasiyası bildirib ki, layihə infrastrukturun yenilənməsinə və təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək.

Tramp da vurğulayıb ki, tikinti tamamilə özəl donorların vəsaiti hesabına həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ağ-Ev  


Bizi "telegram"da izləyin