Ordu.az xəbər verir ki, Fransa müdafiə strategiyasında mühüm dəyişiklik edərək iki böyük pilotsuz uçuş aparatı proqramını dayandırmaq qərarı qəbul edib.
2026-cı il aprelin 8-də Nazirlər Kabinetinə təqdim olunan yenilənmiş hərbi proqramlaşdırma qanunu çərçivəsində “Safran Patroller” taktiki pilotsuz uçuş aparatı proqramı və çoxmillətli “Eurodrone” MALE (Orta hündürlük, uzun müddət havada qalma) sistemi ləğv edilib.
Yeni tənzimləmə 2024-2030-cu illəri əhatə edən 413 milyard avroluq müdafiə büdcəsinə əlavə olaraq 36 milyard avro vəsait ayrılmasını nəzərdə tutur. Bununla yanaşı, pilotsuz uçuş aparatı ehtiyaclarının Ukrayna və Yaxın Şərqdəki müharibələrin təsiri ilə yenidən qiymətləndirildiyi göstərilir. Bu çərçivədə MALE sinfinə aid sistemlərə olan ehtiyac daha aşağı xərcli və yerli həllərin xeyrinə yenidən formalaşdırılıb. “Eurodrone”un isə yüksək intensivlikli münaqişələr üçün daha az uyğun olduğu qiymətləndirilib.
“Eurodrone” proqramı tamamilə tərk edilmiş bir qabiliyyət sahəsi kimi qiymətləndirilməsə də, Fransa bu layihədən çıxaraq alternativ milli sistemlərə yönəlməyi üstün tutub. Almaniya, İtaliya və İspaniyanın layihəni davam etdirməsi gözlənilir, lakin Fransanın ayrılması xərclərin artmasına səbəb ola bilər. Proqramın ilk uçuşunun 2027-ci ildə, təhvilin isə 2030-cu ildə həyata keçirilməsi planlaşdırılırdı.
Digər tərəfdən, Patroller proqramı uzun müddətdir davam edən gecikmələr və texniki problemlər səbəbindən tənqid olunurdu. 2016-cı ildə təxminən 330 milyon avro dəyərində başlanan layihədə ilk təhvil 2018-ci il üçün planlaşdırılmışdı. Lakin 2019-cu ildə baş vermiş qəza və texniki nasazlıqlar səbəbindən proses uzanıb və ilk təhvil yalnız 2024-cü il may ayında həyata keçirilib. Yenilənmiş plan çərçivəsində proqram tamamilə dayandırılıb.
Fransız hərbi rəsmiləri xüsusilə yüksək intensivlikli münaqişə mühitində “Patroller”in yavaş, iri və radioelektron mübarizə sistemlərinə qarşı həssas olduğunu qeyd ediblər.
Fransa bu ləğvlərdən sonra daha yüngül, aşağı xərcli və yerli istehsal pilotsuz uçuş aparatı layihələrinə yönəlib. “Aarok”, “Enbata” və “EyePulse” kimi yeni nəsil platformalar hazırlanır, həmçinin taktiki səviyyədə boşluğu doldurmaq üçün yeni sistemlərin tədarükü planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az