Ordu.az xəbər verir ki, bu barədə “Times Now” məlumat yayıb.
Bu xəbərlər prezidentin İran üzərində vurulan qırıcı təyyarədən katapult edən amerikalı pilotun axtarışı ilə bağlı ictimaiyyət qarşısına çıxmamasından sonra ortaya çıxıb. Tramp “NBC News” telekanalına müsahibə verərək bildirib ki, pilotun itkin düşməsi İranla münaqişənin dayandırılması ilə bağlı razılaşmaya nail olmaq səylərinə təsir etməyəcək. O, həmçinin sosial şəbəkələrdə mütəmadi paylaşımlar etməyə davam edib.
Onun görünməməsi səbəbindən sosial şəbəkə istifadəçiləri Trampın “Walter Reed National Military Medical Center” mərkəzində olduğu barədə fərziyyələr irəli sürməyə başlayıblar. “Instagram” istifadəçilərindən biri yazıb: “Şayiələr dolaşır ki, Donald Tramp “Walter Reed” tibb mərkəzindədir. Bildirilir ki, xəstəxananın ətraf yolları bağlanıb. Ağ Ev “lid” elan edib, bu isə o deməkdir ki, Donald Tramp bu gün ictimaiyyət qarşısına çıxmayacaq”.
“Polymarket” adlı proqnoz və mərc platforması isə “Twitter”də belə yazıb: “TƏCİLİ: Ağ Ev “lid” elan edib, bu isə o deməkdir ki, prezident Trampın günün sonuna qədər ictimaiyyət qarşısına çıxması gözlənilmir”.
Başqa bir istifadəçi isə soruşub: “Donald Tramp indi “Walter Reed”dədir?” Lakin bu iddialar müstəqil jurnalist Andru Leyden tərəfindən təkzib olunub və o, müəssisənin qarşısından çəkilmiş fotoları paylaşıb. O, öz “Twitter” səhifəsində yazıb: “Şənbə, 4 aprel, saat 13:50. “Walter Reed” hərbi tibb mərkəzinin qarşısı. Dəniz piyadaları yoxdur. Avtomobil korteji yoxdur. Yollar açıqdır”.
Trampın son ictimai çıxışı çərşənbə günü baş tutub. O zaman o, ABŞ Ali Məhkəməsində doğumla vətəndaşlıq hüququ ilə bağlı dinləmələrdə iştirak edib və İran barədə çıxış edib. Bu həftəsonu o, Floridaya getməyib və ehtimal olunur ki, Ağ Evdədir. Şənbə gününə aid ictimai qrafikində yalnız “iş saatları” qeyd olunub. Ağ Ev isə bildirib ki, Vaşinqton vaxtı ilə saat 11:08-də “lid” elan olunub, bu termin həmin gün prezidentin artıq ictimai çıxışlarının gözlənilmədiyini bildirmək üçün istifadə olunur.
Mətbuatın vurğuladığına görə, Trampın sağlamlıq vəziyyəti onun ABŞ tarixində prezident vəzifəsini tutmuş ən yaşlı şəxs olmasından sonra müzakirə mövzusuna çevrilib.
Sevinc Əliyeva
Ordu.az