Türkiyə tərəfinin rəsmi açıqlaması daha sonra kəskin şəkildə İran mövzusuna keçid edib və vurğulayıb ki, “Ankara İrana qarşı hücumu alqışlamır, lakin eyni zamanda onun region ölkələrinə qarşı həyata keçirdiyi addımları da dəstəkləmir”. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “bütün tərəflərlə sülhün və sabitliyin təmin edilməsinə, həmçinin münaqişənin nəzarətdən çıxmasının qarşısının alınmasına yönəlmiş təmaslarını davam etdirir”.
Bu kontekstdə Ərdoğan vurğulayıb ki, Türkiyə Suriyada baş verən hadisələrin inkişafını diqqətlə izləyir. O qeyd edib ki, bu ölkədə sabitlik həm Ankaranın, həm də Moskvanın maraqlarına uyğundur. Ərdoğan bu sahədə əldə olunmuş nailiyyətlərin riskə atılmamasının vacibliyini qeyd edib. Türkiyə prezidenti həmçinin Rusiyanın Ukrayna ilə münaqişəsinin nizamlanması istiqamətində ölkəsinin səylərinin görməzlikdən gəlinməməsinin zəruriliyinə diqqət çəkib və Ankaranın vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırdığını təkrarlayıb.
Rusiya tərəfinin rəsmi açıqlamasında Qara dənizdə “təhlükəsizlik üzrə kompleks tədbirlərin koordinasiyasının zəruriliyi” vurğulanır və bununla “Ukraynanın “Mavi axın” və “Türk axını” layihələrini pozmaq üçün davam edən cəhdləri” nəzərdə tutulur. Vladimir Putin Rəcəb Tayyib Ərdoğana Ukrayna məsələsi üzrə danışıqlara dəyişməz dəstək göstərməyə hazır olduğuna görə minnətdarlığını bildirib.
Kremlə görə, Ərdoğan və Putin həmçinin “Yaxın Şərqdə davam edən gərginliyi müzakirə edib, İran məsələsində mövqelərin üst-üstə düşdüyünü qeyd edib, eləcə də Rusiya-Türkiyə siyasi və ticarət-iqtisadi əməkdaşlığının genişləndirilməsi üzrə növbəti addımları, xüsusilə enerji sahəsində birgə layihələrin imkanlarını nəzərdən keçiriblər”.
Ərdoğan-Putin telefon danışığı Bosfor və Dardanel boğazlarına nəzarət məsələsi ətrafında Rusiya-Türkiyə diplomatik gərginliyi fonunda baş tutub. Türkiyənin Müdafiə Nazirliyi ötən həftə təsdiqləyib ki, NATO İstanbulda komanda-qərargah mərkəzi yaradır. Moskva bu addımı boğazların hüquqi statusu ilə bağlı Montrö Konvensiyasının pozulması kimi qiymətləndirir. Tərəflərin Ərdoğan-Putin telefon danışığı ilə bağlı yaydıqları məlumatlardakı ciddi fərqlərdən belə qənaətə gəlmək olar ki, bu məsələ üzrə mövqelərin yaxınlaşması baş verməyib.
Türkiyə daha əvvəl izah edib ki, boğazların təhlükəsizliyinin təmin edilməsi üçün NATO mərkəzinin şəxsi heyəti tamamilə türk hərbçilərindən ibarət olacaq. Bu isə o deməkdir ki, Ankara Bosfor və Dardanel üzərində səlahiyyətlərini Şimali Atlantika Alyansına həvalə etmir.
Ərdoğan-Putin telefon danışığı Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən iki gün sonra keçirilib. Tərəflərin yaydığı rəsmi məlumatlarda Cənubi Qafqazla bağlı Rusiya-Türkiyə “fikir mübadiləsinə” istinad yoxdur. Bununla belə, Türkiyə və Rusiya prezidentləri regional mövzuları da müzakirə ediblər, bu barədə yalnız Ərdoğanın ofisi məlumat verib. Regional mövzuların nələri əhatə etdiyi aydın deyil.
Asif Cəfərov
Ordu.az