Ordu.az xəbər verir ki, Fransa Müdafiə Təchizat Agentliyi (DGA) 2026-cı il martın 31-də Fransa Hərbi Dəniz Qüvvələri üçün 5-ci FDI freqatını sifariş edib.
Seriyanın dördüncü freqatı isə 2025-ci ilin dekabrında sifariş edilmişdi. Fransa donanması üçün ümumilikdə 5 vahidin təhvilini nəzərdə tutan bu proqram dəniz qüvvələrinin qabiliyyətlərinin gücləndirilməsi və yenilənməsi strategiyasının mərkəzində yer alır.
“Naval Group”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Pyer Erik Pommellet bildirib ki, Fransa Hərbi Proqramlaşdırma Qanunu (LPM) çərçivəsində verilən bu sifarişlər seriyanın tamamlanmasına olan inamı yeniləyib. Pommellet vurğulayıb ki, “Naval Group” Fransanın suverenliyinə xidmət etmək və dəniz üstünlüyünü təmin etmək istiqamətində tam səfərbər olunub.
Loryandakı “Naval Group” müəssisələrində inşa edilən dördüncü və beşinci gəmilər Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün istehsal olunan 4 FDI freqatı ilə birlikdə bu seriyanın ümumi istehsal sayını doqquza çatdıracaq. “Naval Group”un açıqlamasına görə, sözügedən freqatlar döyüş meydanlarında özünü doğrultmuş qabiliyyətlərə malikdir:
Hava hücumundan müdafiə və sualtı müharibəsi: hava hücumundan müdafiə, sualtı qayıqlara qarşı mübarizə və suüstü müharibə sahələrində qabaqcıl həllər təqdim edir.
Rəqəmsal infrastruktur: qabaqcıl rəqəmsal və məlumat emalı texnologiyaları ilə təchiz olunan platforma kiberhücumlar, səsdən sürətli raketlər və asimmetrik təhdidlərə qarşı müstəqil şəkildə və ya donanma tərkibində mübarizə apara bilir.
Dəniz şəraitinə uyğunluq: kompakt quruluşu və unikal layihəsi arxipelaq mühitindən açıq dənizlərədək, o cümlədən Atlantikdə 6-cı dəniz vəziyyətinə qədər sınaqdan keçirilmiş müxtəlif şəraitlərdə əməliyyat aparmağa imkan verir.
FDI layihəsi yüksək səviyyədə inteqrasiya olunmuş avtomatlaşdırma sistemləri sayəsində azaldılmış heyətlə idarə oluna bilir. Texniki xidmət müddətlərini optimallaşdıran və əməliyyat hazırlığını artıran bu quruluş Fransa donanmasının FREMM freqatlarında əldə etdiyi 80%-lik hazırlıq səviyyəsinə bənzər nəticəni hədəfləyir.
“Naval Group”un bütün gəmiləri kimi FDI də NATO standartlarına uyğun şəkildə layihələndirilib və inşa olunub. Bu isə müttəfiq donanmalar arasında tam qarşılıqlı işləmə və əlaqələndirmə imkanı yaradır. Seriyalı istehsalın ilk gəmisi olan “Admiral Ronarc’h” hazırda 14 həftədən çox davam edən dəniz sınaqlarında yüksək göstəricilər nümayiş etdirməyə davam edir.
Sevinc Əliyeva
Ordu.az