Martın 31-də ABŞ prezidenti Donald Trump Avropa ölkələrini nəzərdə tutaraq şəxsi sosial platformasında belə yazıb: “Siz özünüzü müdafiə etməyi bacarmalısınız. ABŞ artıq sizi qorumaq üçün yanınızda olmayacaq, necə ki, siz də onun yanında olmadınız”.
Donald Tramp NATO üzvü olan Avropa ölkələrinin İrana qarşı müharibəyə qoşulmamasından və Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə hərbi əməliyyatlarda iştirakdan imtina etməsindən narazıdır.
Bununla belə, analitiklər açıq reallığa diqqət çəkirlər. ABŞ prezidentliyi dövründə Donald Tramp daim NATO üzvü olan Avropa ölkələrini tənqid edib və onların təhlükəsizliyini ABŞ hesabına təmin etdiyini bildirib, bunun isə “bu şəkildə davam edə bilməyəcəyini” vurğulayıb.
ABŞ-nin NATO-dan çıxması, şübhəsiz ki, Şimali Atlantika Alyansının dağılması demək olardı. Bu fonda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələrini hava məkanını Ukraynanın pilotsuz uçuş aparatları üçün açmaqda ittiham edib və “əgər bu faktlar hərbi mütəxəssislərin rəyi ilə təsdiqlənərsə, Moskva müvafiq addımlar atacaq” deyə xəbərdarlıq edib.
“Nezavisimaya qazeta” qəzetinin redaksiya məqaləsində qeyd olunur ki, əgər ABŞ NATO-dan çıxarsa, “faktiki olaraq Rusiyanın 2021-ci ildə irəli sürdüyü tələb həyata keçmiş olacaq, çünki Alyans təkcə genişlənə bilməyəcək, həm də mövcudluğunu qoruyub saxlaya bilməyəcək, çünki bir çox məsələlərdə ABŞ-dən asılıdır”.
Maraqlıdır ki, Türkiyənin Müdafiə Nazirliyi ölkə ərazisində NATO-nun hərbi-dəniz qüvvələri üçün yeni komandanlıq mərkəzinin yaradılması ilə bağlı yayılan məlumatları təkzib edib. Daha əvvəl Türkiyə Səudiyyə Ərəbistanı, Qətər və Misirlə hərbi əməkdaşlıq sazişləri imzalayıb.
ABŞ ilə NATO üzvü Avropa ölkələri arasında gərginlik fonunda ABŞ prezidenti Donald Tramp sosial platformasında paylaşım edərək Böyük Britaniya kralı II Çarlzın 27-30 aprel tarixlərində ABŞ-yə rəsmi səfərini elan edib.
Donald Tramp bu səfərin əhəmiyyətini onunla izah edib ki, bu il ABŞ Böyük Britaniyadan müstəqilliyinin 250 illiyini qeyd edir. Bu isə sanki Vaşinqtonun Londonun təsiri altına düşməyəcəyi mesajı kimi qiymətləndirilir.
Asif Cəfərov
Ordu.az