Aİ-nin çevik reaksiya qrupu aprelin əvvəlində Ermənistana gələcək

2025/10/1761476356.jpg
Oxunub: 427     17:50     17 Mart 2026    
Avropa İttifaqının çevik reaksiya qrupu aprelin əvvəlində Ermənistana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Bildirilir ki, ekspertlərdən ibarət qrup 9-14 nəfərdən təşkil olunacaq.

“Azadlıq” radiosunun əldə etdiyi sənədə görə, missiya Ermənistanda 10-15 gün fəaliyyət göstərəcək. Qrup Ermənistanın Baş nazir aparatına və Təhlükəsizlik Şurasının ofisinə kibermüdaxilələr və xarici informasiya manipulyasiyaları şəraitində böhranların idarə olunması üçün plan və mexanizmlərin hazırlanmasında kömək edəcək.

Dəstəkdən faydalanacaq qurumlar arasında Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da yer alır.

Avropa İttifaqında hesab edirlər ki, Ermənistan demokratik institutları və cəmiyyətin etimadını sarsıtmağa yönəlmiş intensiv hibrid əməliyyatlarla üzləşib. Bu fəaliyyətlərə xarici informasiya manipulyasiyaları, kiber təhdidlər və seçki proseslərinin qanunsuz maliyyələşdirilməsi daxildir.

Sənəddə qeyd olunur ki, bu təhdidlərin 2026-cı il iyunun 7-də keçiriləcək seçkilər ərəfəsində daha da güclənməsi ehtimalı yüksəkdir.

Sənəddən aydın olur ki, Ermənistan ötən ilin noyabrında Aİ-yə müraciət edib, yanvar ayında isə qiymətləndirmə qrupu ölkəyə səfər edib və bu səfər ölkənin hibrid təhdidlərə qarşı həssaslığı barədə ümumi təsəvvür formalaşdırıb.

Daha əvvəl Aİ-nin xarici işlər naziri Kaya Kallas da bildirmişdi ki, Ermənistan qarşıdan gələn seçkilərdə xarici müdaxiləyə qarşı mübarizə üçün Aİ-yə müraciət edib. Buna cavab olaraq Aİ 12 milyon avro ayırmağa hazır olduğunu açıqlayıb.

Bu vəsaitin “xarici informasiya manipulyasiyaları və müdaxilələrə” qarşı mübarizə və kibertəhlükəsizliyin gücləndirilməsi üçün istifadə olunacağı planlaşdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin