Ordu.az xəbər verir ki, bu barədə “China Daily” qəzeti redaksiya məqaləsində yazıb.
Nəşrin qeyd etdiyinə görə, Parisdə keçirilən iqtisadi məsləhətləşmələrin son mərhələsində əsas diqqət qarşıdurmaya deyil, səmimi dialoqa yönəlib.
“Son bir neçə il ərzində Çin və ABŞ arasında iqtisadi əlaqələr ehtiyatlı əməkdaşlıqla açıq qarşıdurma arasında dəyişib. Mövcud qeyri-sabit geosiyasi şəraitdə danışıqların davam etdirilməsi özü belə kiçik, lakin mühüm irəliləyişdir”, - deyə qəzet vurğulayıb.
KİV bildirib ki, tərəflər sabit ikitərəfli iqtisadi münasibətlərin yalnız iki ölkə üçün deyil, bütün dünya üçün faydalı olduğu qənaətinə gəliblər.
Danışıqlar zamanı ötən il keçirilmiş beş mərhələdə əldə olunan irəliləyiş və tariflərdən tutmuş qeyri-tarif tənzimləmələrinə qədər hələ həll olunmamış məsələlər müzakirə edilib.
Tərəflər həmçinin qarşılıqlı tariflərin sabitliyini qorumaq üçün birgə işləməyə razılaşıblar.
Qəzet vurğulayır ki, inflyasiya, təchizat zəncirlərinin parçalanması və geosiyasi qeyri-müəyyənliklə üzləşən qlobal şirkətlər üçün sabitlik xüsusi əhəmiyyət daşıyır.
Bundan əlavə, Paris danışıqlarının mühüm nəticələrindən biri ticarət və investisiya əməkdaşlığını təşviq edəcək işçi mexanizmin yaradılması imkanının ortaya çıxmasıdır.
Məqalədə bildirilir ki, bu, Vaşinqtonun ən azı bir hissəsinin münasibətlərin yalnız rəqabət üzərində qurulmasının mümkün olmadığını qəbul etməyə başladığını göstərir.
Sevinc Əliyeva
Ordu.az