Aşağıda ölkələrin məlumatlarına əsasən 2026-cı il martın 10-na olan müharibə itkiləri göstərilib. “Reuters” bu məlumatları müstəqil şəkildə təsdiqləməyib.
İran
Dövlət mediasının məlumatına görə, ən azı 1270 nəfər ölüb. Onların arasında 2026-cı il martın 9-da
İsrailin Tehranda yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində ölən 40 nəfər də var.
Ümumi ölənlərin sayına İran İnqilab Keşikçiləri Korpusunun hərbçilərinin daxil olub-olmadığı aydın deyil.
İran ordusu bildirib ki, ötən həftə ABŞ sualtı qayığının Şri-Lanka sahilləri yaxınlığında İran hərbi gəmisini batırması nəticəsində ən azı 104 nəfər ölüb. Bu rəqəmlər Qırmızı Aypara tərəfindən açıqlanan ümumi statistikaya daxil edilməyib.
Livan
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail zərbələri nəticəsində ən azı 486 nəfər ölüb.
İraq
İraq polisi və səhiyyə rəsmilərinin məlumatına görə, ən azı 15 nəfər ölüb. Polis mənbələri “Reuters” agentliyinə bildirib ki, İranın dəstəklədiyi silahlı qrupların birləşdiyi “İraqda İslam Müqaviməti” adlı təşkilatın komandirlərindən biri 2026-cı il martın 5-də avtomobilinə endirilən hava zərbəsi nəticəsində ölüb.
İsrail
İsrail ordusu bildirib ki, Livanın cənubunda iki əsgər ölüb. Bu, ötən həftə “Hizbullah”ın İranı dəstəkləmək məqsədilə İsrailə hücum etməsindən sonra yenidən başlayan döyüşlərdə ilk hərbi itkilərdir.
İsrailin “Magen David Adom” təcili yardım xidməti isə bildirib ki, 11 mülki şəxs ölüb. Onların arasında 2026-cı il martın 1-də Qüds yaxınlığındakı Beyt-Şemeş şəhərinə endirilən İran raket zərbəsi nəticəsində ölən 9 nəfər də var.
ABŞ
Pentaqonun məlumatına görə, İran ilə münaqişənin ilk 10 günü ərzində təxminən 140 ABŞ hərbçisi yaralanıb.
Pentaqon sözçüsü Şon Parnell bildirib: “Bu yaralanmaların böyük əksəriyyəti yüngüldür və 108 hərbçi artıq yenidən xidmətə qayıdıb”.
Parnell əlavə edib ki, hazırda 8 ABŞ hərbçisi ağır yaralı vəziyyətdədir.
Bu rəqəm İranın cavab olaraq həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumlarından sonra ABŞ hərbçilərinin üzləşdiyi ümumi itkilər barədə ilk geniş məlumatdır. Həmin hücumlar Küveyt və Səudiyyə Ərəbistanında yeddi ABŞ əsgərinin ölümünə səbəb olub.
Suriya
2026-cı il fevralın 28-də İran raketinin Suriyanın cənubundakı Suveyda şəhərində bir binaya düşməsi nəticəsində 4 nəfər ölüb.
Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin məlumatına görə, İran hücumları nəticəsində 6 nəfər ölüb.
Səudiyyə Ərəbistanı
Riyadın cənub-şərqində yerləşən Əl-Xarc şəhərində yaşayış məntəqəsinə mərmi düşməsi nəticəsində 2 nəfər ölüb.
Bəhreyn
Bəhreyn Daxili İşlər Nazirliyinin məlumatına görə, İranın iki ayrı hücumu nəticəsində 2 nəfər ölüb. Son hücum paytaxt Manamadakı yaşayış binasını hədəf alıb.
Küveyt
Küveyt Səhiyyə Nazirliyinin məlumatına görə, İran hücumları nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb. Ordu isə bildirib ki, iki daxili işlər naziri əməkdaşı və iki hərbçi xidmət zamanı ölüb.
Oman
Maskat sahilləri yaxınlığında Marşall adaları bayrağı altında üzən MKD VYOM məhsul tankerinə mərmi düşməsi nəticəsində 1 nəfər ölüb.
Sevinc Əliyeva
Ordu.az