Ordu.az xəbər verir ki, bunu erməni ekspert Anna Kostanyan “Facebook” səhifəsində yazıb.
“Polis məlumatına görə, 2025-ci ildə qeydə alınmış hallar 3,2% azalıb. Lakin eyni zamanda odlu silahdan istifadə ilə törədilən ağır cinayətlərin sayında artım qeydə alınıb.
Ən geniş yayılmış cinayətlər narkotik vasitələrin satışı, xuliqanlıq, saxta sənədlərlə əməliyyatlar və s. olub. Cəmi bir neçə gün ərzində polis tərəfindən 178 belə fakt aşkar edilib.
Bir neçə ay əvvəl üç yaşlı Tiqranın boğularaq öldürülməsi, orduda mütəmadi təkrarlanan qətl və intihar halları, Parakar icma başçısının qətli, eləcə də bir neçə gün əvvəl Acapnyakda baş vermiş, Hollivud filmini xatırladan xuliqanlıq hadisəsi nəticəsində bir nəfər ölüb, təxminən 10 nəfər isə yaralanıb.
Bu sadalananları ona görə qeyd edirəm ki, Ermənistanda cinayətkarlığın hansı həddə çatdığını anlayaq. Əlbəttə, elələri tapılacaq ki, deməyə başlayacaqlar, Ermənistanda cinayətkarlıq həmişə olub. Bəli, olub (bəlkə 90-cı illərdə, o zaman kiçik idim, amma valideynlərimdən çox eşitmişəm), lakin o səviyyədə yox idi ki, küçədə gəzərkən qorxu hiss edək ki, haradasa kimsə gündüz vaxtı silah çıxarıb sağa-sola atəş açacaq”, - deyə Kostanyan qeyd edib.
O bildirib ki, bütün bunlar idarəolunmaz və başıboş vəziyyət təəssüratı yaradır.
“Mən artıq uzun müddətdir ki, Ermənistanın 8 il əvvəl dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alan o təhlükəsiz ölkə olduğuna inanmıram. Bəlkə də dünya və ya Avropa meyarlarına görə Ermənistan hələ ən yüksək cinayət səviyyəsinə malik deyil, lakin kənardan müşahidələr də açıq şəkildə göstərir ki, cinayətkarlıq, xüsusilə qanunsuz silah dövriyyəsi və zorakılıq kateqoriyalarında müqayisəolunmaz dərəcədə artıb.
Kriminal düşüncə tərzi və vəhşi hərəkətlərin təzahürləri xüsusilə açıq ictimai məkanlarda artıq narahatedici xarakter alır və bunu ilk növbədə iki uşaq anası kimi deyirəm. Uşaqlarım kifayət qədər müstəqildirlər, məktəbə, məşğələlərə və digər fəaliyyətlərə səhərdən axşama qədər tək gedib-gəlirlər. Mən evdən çıxarkən onların cinayətkar niyyəti olan, silah tətbiq etməklə kimdənsə qisas almağa qərar vermiş biri ilə rastlaşmayacaqlarına arxayın ola bilmirəm. Belə hallarda isə həmişə təsadüfən mənim, sənin və ya başqasının övladı, bacısı, qardaşı, anası, atası, yəni hər hansı bir günahsız insan zərər çəkə bilər”, - deyə o qeyd edib.
Erməni ekspert bildirib ki, bu, həm də milli təhlükəsizlik üçün son dərəcə ciddi çağırışdır.
“Müvafiq qurumların qanunsuz silah dövriyyəsini, narkotiklərin satışını və digər ağır cinayət risklərini azaltmaq üçün lazımi şəkildə çalışıb-çalışmadığına, konkret addımlar atıb-atmadığına əmin deyiləm. Bu, ciddi bir çağırışdır, lakin bu gün məsul şəxslər cinayətkarlıqla mübarizə aparmaq əvəzinə müxalifləri qanunsuz şəkildə həbs etməklə məşğuldurlar. Siyasi opponentləri sıradan çıxarmaq üçün göstərilən canfəşanlıq məqsədyönlü şəkildə təhlükəli cinayətkarları tapmağa və cəmiyyəti qorxudan azad etməyə yönəldilsəydi, bəlkə də hər gün KİV-də daha az qətl xəbəri oxuyardıq”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az