Erməni siyasi xadim: “Ermənistanda korrupsiya artır, talançılar xalqı gündüz vaxtı aldadırlar”

2026/01/1768884992.jpg
Oxunub: 342     12:40     25 Fevral 2026    
“Ermənistanda korrupsiya azalmaq əvəzinə artır. Bunu “Transparency International” Antikorrupsiya Mərkəzinin ekspertləri də təsdiqləyir”.

Ordu.az xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” partiyasının lideri Edmond Marukyan bildirib.

“Ötən gün Ermənistanda korrupsiyanın qavranılması indeksi dərc olunub və biz geriyə doğru yuvarlanırıq, yəni geriləmə qeydə alınır. Korrupsiya azalmaq əvəzinə artır. Amma biz görürük ki, korrupsiyaya qarşı mübarizənin öncülləri, demokratiya bastionunun nümayəndələri hansı çıxışları edirlər”, - deyə Marukyan qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq meyarlar göstərir ki, əgər korrupsiyanın qavranılması indeksi bu səviyyədədirsə, deməli, böyük korrupsiya mövcuddur: “Ermənistanda iri miqyaslı korrupsiya var”.

Marukyan qeyd edib ki, hakimiyyət dəyişikliyindən artıq 8 il keçib, lakin korrupsiya sahəsində geriləmə müşahidə olunur:

“Bəziləri efirdə deyirlər ki, siz buna sevinirsiniz? Əziz insanlar, mən sevinmirəm. Mən sizə izah etmək, sizi məlumatlandırmaq istəyirəm ki, sevinmirəm. Əksinə, məyusam, əsəbləşmişəm. Düşünürəm ki, bütün o ümidlər necə puç oldu, biz bu hər şeyə necə inandıq? Sevinmirəm və istəyirəm ki, biz hamımız, Ermənistan dövlətinin vətəndaşları olaraq bilək ki, bizi aldadırlar. Guya korrupsiyaya qarşı mübarizə aparırlar, hər gün bu barədə danışırlar, amma beynəlxalq ekspertlər gəlib deyirlər ki, qardaş, əziz xalq, ölkədə korrupsiya artır.

Deməli, hökumət bir sıra şirkətlərə güzəştlər verib, sonradan isə məlum olub ki, həmin şirkətlər “Vətəndaş Müqaviləsi” partiyasına pul köçürüblər. Bu məlumat rəsmi şəkildə mövcuddur. Bu korrupsiyadır, yoxsa yox? Mən sizi əmin edirəm ki, bu, korrupsiyadır. Bu, açıq korrupsiyadır. Bu, siyasi korrupsiyadır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Marukyan  


Bizi "telegram"da izləyin