Ermənistan KİV-i: Paşinyan hakimiyyəti KİV-lərə qarşı məhkəmə iddialarının sayına görə rekordçudur

2026/02/1772001347.jpg
Oxunub: 534     10:31     25 Fevral 2026    
“Sivil ölkələrdə nə keçmiş, nə də hazırkı prezident Baş nazir və hətta nazir jurnalistə və ya qəzetə qarşı məhkəmə iddiası qaldırmır. O, ünvanına səslənən istənilən təhqir və ya böhtanı, özü də istənilən KİV-dən yüz dəfə artıq tiraj və ya efir vaxtı ilə təkzib etmək imkanına malikdir. Əgər bunu etmirsə, deməli, xalqın ona inanacağına əmin deyil və buna görə jurnalistin ağzını məhkəmə yolu ilə bağlamağa çalışır… Həm keçmişdə, həm də indi mənim ünvanıma mətbuatda minlərlə təhqir və böhtan səslənib, amma heç vaxt ağlımdan keçməyib hansısa jurnalisti və ya qəzeti məhkəməyə verim”.

Ordu.az Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2009-cu ildə deyib.

Nəşr qeyd edib ki, lakin bu sadə həqiqəti Paşinyan hakimiyyətinin nümayəndələrinin çox azı anlayır.

“Bu hakimiyyət KİV-lərə qarşı məhkəmə iddialarının sayına görə rekordçudur. 2026-cı ilin ilk iki ayında təkcə parlamentin sədri Alen Simonyan üç yeni məhkəmə iddiası qaldırıb. Əvvəllər məhkəməyə müraciət etməyi sevənlər deputat Hayk Sarkisyan və Tiqran Avinyan idi, son bir-iki ildə isə birinci yerdə Alen Simonyandır. O, ikinci prezident Robert Köçəryanı, müxalif gənc Manuel Manukyanı və bloger Samvel Aşotyanı məhkəməyə verib. Jurnalistlərdən sonra növbə blogerlərə və siyasi fəallara çatıb.

Alen Simonyan məhkəmədən tələb edir ki, bloger Aşotyan 11.10.2025-ci il tarixində öz “Facebook” sosial şəbəkəsində paylaşdığı videoda yer alan və böhtan sayılan faktiki məlumatları açıq şəkildə təkzib etsin və belə yazsın: “Mən, Samvel Samveli Aşotyan Alen Roberti Simonyana böhtan atmışam”. Məzmunu isə belə təqdim etsin: “Mən 11.10.2025-ci il tarixində öz “Facebook” sosial şəbəkə hesabımda “Yüksək himayə altında kazino” başlıqlı video paylaşmışam. Bildirirəm ki, videoda Ermənistan parlamentinin sədri Alen Simonyan barədə təqdim olunan məlumatlar həqiqətə uyğun deyil və mən cənab Simonyana böhtan atmışam”. Əgər bu mümkün olmasa, ən azı 5 min tirajla nəşr olunan çap mediasında həmin məzmunla elan dərc olunmalıdır”, - deyə nəşr qeyd edib.

KİV vurğulayıb ki, cavabdeh Samvel Samveli Aşotyandan iddiaçı Alen Roberti Simonyanın xeyrinə 1 000 000 dram məbləğində kompensasiya, həmçinin 410 min dram məhkəmə xərci tutulması tələb olunur.

“Manuel Manukyandan isə Alen Simonyan açıq şəkildə üzr istəməsini tələb edir: “Mən, Manuel Manukyan Alen Simonyandan üzr istəyirəm”. Məzmun isə belə olmalıdır: “16.01.2026-cı il tarixində “Facebook” sosial şəbəkəsində şəxsi hesabımda “Bədən müqabilində ruh” başlıqlı paylaşım etmişəm. Bildirirəm ki, həmin paylaşım Alen Simonyan barəsində təhqiramiz ifadələr ehtiva edir və buna görə cənab Simonyandan üzr istəyirəm”. Cavabdeh Manukyandan 900 min dram təhqirə görə, əlavə 100 min dram böhtana görə, eləcə də ümumilikdə 550 min dram məhkəmə xərclərinin ödənilməsi tələb olunur.

Ermənistanın ikinci prezidentindən isə Alen Simonyan açıq şəkildə üzr istəməsini və “Facebook”da və ya ən azı 5 min tirajlı çap mediasında belə bəyanat yerləşdirməsini tələb edir: “Mən, Robert Köçəryan Alen Simonyandan üzr istəyirəm”. Məzmun isə belə olmalıdır: “29.01.2026-cı il tarixində keçirdiyim mətbuat konfransı zamanı Alen Simonyan barəsində təhqiramiz ifadələr işlətmişəm və buna görə cənab Simonyandan üzr istəyirəm”, - deyə məqalədə bildirilb.

Nəşr qeyd edib ki, Robert Köçəryandan iddiaçının xeyrinə 1 milyon dram təhqirə görə kompensasiya və 530 min dram məhkəmə xərci tutulması tələb olunur.

“Qeyd edək ki, bu gün Ermənistanda 5 min tirajla çap olunan heç bir qəzet yoxdur. Hazırkı hakimiyyət son 8 ildə qəzet nəşrinə yalnız zərər vurub, qəzet alanların sayını azaldıb, dövlət qurumlarında qəzet abunəsini dayandırıb, qəzetlərin yayımını tənzimləməyib və s. Buna görə də iddiaçının tələblərindən ən azı biri icra oluna bilməz”, - deyə KİV yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət   Simonyan  


Bizi "telegram"da izləyin