Ermənistanda xalqı rəqəmlərlə “yemləmək” istəyirlər: Rəsmi rəqəmlər nəyi gizlədir?

2026/02/1771999376.jpg
Oxunub: 395     10:01     25 Fevral 2026    
“Son günlər hakimiyyətin təbliğatçıları mümkün olan bütün platformalarda ötən il iqtisadiyyat sahəsində hökumətin qeydə aldığı növbəti “inqilabi” artımları reklam edirlər. Beşillik proqramın artıqlaması ilə yerinə yetirilməsindən danışırlar. İqtisadiyyat naziri Gevorq Papoyan deyir ki, orta illik 7 faiz iqtisadi artım vəd etmişdik, 7,9 faiz təmin etdik. Göstəricini aşmışıq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Xalqı rəqəmlərlə “yemləmək” istəyirlər: Rəsmi rəqəmlər nəyi gizlədir?” başlıqlı məqaləsində yazıb.

“Unudurlar ki, 7 yox, ən azı 7 faiz iqtisadi artım vəd etmişdilər, üstəlik xarici əlverişli mühit şəraitində orta illik 9 faiz iqtisadi artım təmin edəcəklərini demişdilər.

Son illərdə xarici mühitin Ermənistan iqtisadiyyatı üçün əlverişli olduğunu demək, əslində, heç nə deməməkdir. İstənilən hakimiyyət son azı əvvəlki 4 il ərzində Ermənistanın mövcud hakimiyyətinin malik olduğu kimi əlverişli xarici mühitə sahib olmağı arzulayardı. Söhbət Rusiya-Ukrayna müharibəsindən sonra yaranmış əlverişli şəraitdən gedir. Bu şəraitdə hökumət verdiyi vədi yerinə yetirə bilmədi və orta illik 9 faiz yox, 7,9 faiz iqtisadi artım təmin etdi.

Bu artımın əsas payı xarici beynəlxalq birbaşa təsirin hesabına formalaşıb və sənayedən, xarici ticarətdən başlayaraq maliyyə sektoruna qədər müxtəlif sahələrdə özünü göstərib”, - deyə KİV qeyd edib.

Nəşr bildirib ki, son 4 il ərzində təkcə Rusiyadan fiziki şəxslərin pul köçürmələri yolu ilə Ermənistana 15 milyard ABŞ dollarından artıq vəsait gəlib ki, bu da əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur.

“Maliyyə, xüsusən də bank sistemindəki yüksək artımlar ilk növbədə həmin vəsaitlərin dövriyyəyə cəlb olunmasının nəticəsidir.

Yenidən ixracın, xüsusilə də Rusiya qızılının yenidən ixracının təsiri barədə danışmağa belə dəyməz. Xarici ticarət və sənayedə Gevorq Papoyan kimilərinin iqtisadi artım kimi təqdim etdiyi göstəricilər əsasən məhz bu amillərin hesabına formalaşıb. Bunlar iqtisadi inkişafın, yeni istehsalların və iqtisadi potensialın artmasının yox, yaranmış xarici əlverişli mühitin nəticəsidir.

Bunu bir kənara qoyaq. Qürurlanmadan əvvəl heç olmasa qeydə aldığınız yüksək artımların və ümumilikdə iqtisadiyyatın strukturuna baxmısınızmı?

Artımlardan danışmazdan əvvəl illər əvvəl hökumət rəhbərinizin nə dediyini xatırlayın. Yadınıza düşmürsə, xatırladaq. Deyirdi ki, emal sənayesi 2008-ci ildən sonra 2019-cu ildə ilk dəfə ÜDM-in strukturunda 12,1 faiz payla iqtisadiyyatın aparıcı sahəsinə çevrilib və bu, ölkənin istehsal potensialının bərpa olunduğunu və inkişaf etdiyini göstərir, “deməli, emal sənayesi ilə bağlı etdiyim siyasi qeyd tam şəkildə yerinə yetirilib”.

İndi açın, bu bəyanatdan 6 il sonra liderinizin və hökumət rəhbərinizin həmin siyasi qeydinin nə dərəcədə yerinə yetirildiyinə baxın.

İstənilən iqtisadiyyatın skeleti və əsas sahəsi sayılan emal sənayesi ötən il təriflədiyiniz 7,2 faiz iqtisadi artım şəraitində ÜDM-də cəmi 11 faiz pay tutub. O da əsasən Rusiya qızılının yenidən ixracı hesabına. Məhz qızılın yenidən ixracı ötən il sənayedə, xüsusilə də emal sənayesində dərin enişdən yayınmağa imkan verdi. Amma bununla emal sənayesi nə çiçəkləndi, nə də inkişaf etdi”, - deyə məqalədə qeyd edilib.

KİV bildirib ki, bütün bunlardan sonra 2025-ci ilin nəticələrinə görə emal sənayesinin Ermənistan iqtisadiyyatının strukturundakı payı cəmi 11 faizdir.

“Bu göstərici 2019-cu ildəkindən, hətta ondan əvvəlki dövrlərdən də aşağıdır. Hökumətin iqtisadi siyasətinin “nailiyyəti” budur.

Hələ demirik ki, hökumət proqramında emal sənayesinin payını 2021-2026-cı illərdə ÜDM-də ən azı 15 faizə çatdıracağını vəd etmişdiniz. Amma cəmi 11 faizdir.

Gevorq Papoyan və hakim partiyadan olan təbliğatçılar bunlar barədə danışmırlar. Əvəzində, altında real iqtisadi nəticə olmayan şişirdilmiş artımlarla öyünürlər. Məhz buna görə həmin artımların bəhrəsini adi vətəndaş cibində və gündəlik həyatında hiss etmir. Elə buna görə də ölkədə yoxsulluq demək olar ki, azalmır və ya çox zəif templə azalır.

Emal sənayesinin yerinə Ermənistan iqtisadiyyatının artımının əsasını tikinti və bank sistemi təşkil edir. Hər iki sahə iqtisadiyyatda çox cüzi əlavə dəyər yaradır. Hətta əgər yaradırsa... Maliyyə sektorunun ÜDM-dəki payı emal sənayesinin payına yaxınlaşır.

Bəs bilirsinizmi, ÜDM-də ən böyük pay hansı sahəyə məxsusdur? Pərakəndə və topdansatış ticarətinə, avtomobillərin və motosikletlərin təmirinə.

Belədir, çünki Ermənistanı sizin dediyiniz kimi texnoloji inkişaf etmiş ölkəyə çevirmək əvəzinə, onu ticarət iynəsinə oturtmusunuz”, - deyə müəllif yazıb.

Nəşr qeyd edib ki, ötən ilin 7,2 faiz iqtisadi artımına ən böyük töhfəni ticarət və xidmətlər verib.

“7,2 faizdən 4,3 faiz bəndi ticarət və xidmətlərin payına düşür. İqtisadiyyatın digər bütün sahələrinin artıma töhfəsi cəmi 2,9 faiz bəndi təşkil edir ki, bu da təkcə ticarət və xidmətlərin verdiyindən azdır.

Həmin 2,9 faizin içində də ən böyük pay tikintiyə məxsusdur. Tikintinin iqtisadi dəyəri böyük deyil, ixrac potensialı isə demək olar ki, sıfıra yaxındır. Tikinti 7,2 faiz iqtisadi artıma təxminən 1,5 faiz bəndi töhfə verib.

İqtisadiyyatın ən vacib və əsas sahəsi olan sənaye isə iqtisadi artıma cəmi 0,64 faiz bəndi töhfə verib. Hətta 1 faizə də çatmayıb. Kənd təsərrüfatında vəziyyət eynidir, onun töhfəsi daha da az olub və cəmi 0,41 faiz bəndi təşkil edib.

Hökumətin iqtisadi və iqtisadi artım “nailiyyətləri” bunlardır. Bunlar iqtisadiyyatın nə qədər həssas olduğunu, bugünkü hakimiyyətin boş rəqəmlərin arxasında Ermənistan iqtisadiyyatının problemlərini və acınacaqlı vəziyyətini necə gizlətməyə çalışdığını açıq şəkildə göstərir”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin