Ordu.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə ölkənin Baş naziri Nikol Paşinyan Rusiya “Tramp marşrutu”na (Zəngəzur dəhlizi-red.) aid olan dəmir yolu sahələrinin təmirindən imtina edərsə və ya imtina etməsə də prosesi uzadarsa, hansı alternativ həll yolunun mövcud olduğu sualına toxunarkən deyib.
“Aydındır ki, dəmir yolu Zəngilandan Mehriyə, oradan isə Naxçıvana daxil olacaq. Beynəlxalq kontekstdə bu marşrutun necə davam edəcəyi çox önəmlidir. Hazırda iki rəqabətli variant var. Bildiyiniz kimi, Türkiyə və Azərbaycan Qars-Naxçıvan yeni dəmir yolu xəttinin tikintisi layihəsini elan ediblər. Biz gözləyirik ki, dəmir yolu Yerasx-Axurik marşrutu üzrə işləsin, çünki orada mövcud dəmir yolu var. Yerasx hissəsində cəmi bir neçə kilometr çatışmır, Axurikdə isə daha da azdır. İndi biz rəqabət üstünlüklərimizə fokuslanmalıyıq. Burada görürük ki, beynəlxalq kontekstdə həmin dəmir yolu hissəsinin Rusiya yurisdiksiyasında olması faktı Qars-Dilicu marşrutunun daha əlverişli kimi təqdim edilməsi üçün istifadə olunur. Bu isə bizim üçün problemdir, çünki nəticədə biz rəqabət üstünlüklərimizi itiririk.
Biz rusiyalı tərəfdaşlara böyük hörmətlə yanaşırıq, lakin fakt ondan ibarətdir ki, beynəlxalq gərgin kontekst səbəbindən və öz mülkiyyətimiz olan dəmir yolunun Rusiya idarəçiliyində qalması nəticəsində burada rəqabət üstünlüyümüzü itiririk. Biz düşünməliyik ki, nə etməliyik. Bu, 1-2 ilin məsələsi deyil. Biz həll yolu tapmalıyıq, bunu dostluq, qardaşlıq və tərəfdaşlıq məntiqi çərçivəsində etməliyik”, - deyə Paşinyan bildirib.
Qars-Dilicu dəmir yolunun tikintisinə bir neçə milyard dollar sərmayə qoyulduğunu qeyd edən Paşinyan deyib: “Mən bu sualı həm Türkiyə, həm də Azərbaycan prezidentləri olan tərəfdaşlarımıza ünvanlamışam və demişəm ki, baxın, biz nizamlanmaya doğru gedirik, dəmir yolu Ermənistan ərazisindən keçir, niyə artıq mövcud olan bir şey üçün bir neçə milyard xərcləyirsiniz? Beynəlxalq müzakirələrə baxdıqda anlayırıq ki, əsas problem məhz budur. Biz hansı həll yollarını tapmalı olduğumuzu başa düşməliyik, çünki söhbət Ermənistanın uzunmüddətli strateji maraqlarından gedir və bütün dost ölkələrimiz maraqlı olmalıdırlar ki, bizim maraqlarımız təmin edilsin, çıxılmaz vəziyyətə düşməsin”.
Alpər Mövludoğlu
Ordu.az