Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə ölkənin Baş naziri Nikol Paşinyan ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfərinə toxunarkən deyib.
“Məmnunluqla qeyd edirəm ki, bu səfər cəmiyyətimizdə çox müsbət qarşılandı və bu, balanslaşdırılmış, balanslaşdırıcı xarici siyasətin vacib və aydın təzahürüdür. Biz onun nəticələrini artıq görürük. Səfərin iqtisadi konteksti olduqca önəmlidir. ABŞ vitse-prezidentinin, özü də Cey Di Vens kimi parlaq siyasi xadimin Ermənistana səfəri ölkəmizi qlobal diqqət mərkəzinə gətirir. ABŞ-nin investisiya mühitinin diqqətinin Ermənistanda mövcud olan və açılan investisiya imkanlarına əlavə olaraq yönəlməsi çox vacibdir.
ABŞ vitse-prezidenti həmin böyük rəqəmləri açıqlamaqla, ABŞ-nin Ermənistanda investisiyaların həyata keçirilməsinə dəstək vermək üçün güclü siyasi iradəsini nümayiş etdirir. Bu böyük rəqəmlər konkretləşməli, konkret layihələrə və konkret ünvanlara çevrilməlidir. Biz ilk dəfə ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq həyata keçiririk və həyata keçirəcəyik. Qeyd etmək çox vacibdir ki, bütün bunlar sülh gündəliyinin nəticələridir”, - deyə Paşinyan bildirib.
Vens ilə ilk dəfə 2025-ci il fevralın 7-də görüşdüyünü xatırladan Paşinyan bunun çox böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Mən xüsusilə qeyd etdim ki, vitse-prezidentə olan hörmətim üçqat artdı, çünki Vaşinqtondan İrəvana çatmamış ABŞ səfirliyindən bizə bildirdilər ki, səfərin nəticələri barədə ABŞ vitse-prezidenti artıq ABŞ prezidentinə məruzə edib və zəruri tapşırıqlar verilib. Bu məni son dərəcə təəccübləndirdi. Bu gün biz bunun nəticələrini görürük”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.
TRIPP (Zəngəzur dəhlizi-red.) proqramına toxunan Paşinyan bildirib ki, hazırda böyük maliyyə axınları baş verəcək: “Hər bir ölkə istəyir ki, xaricdən vəsaitlər gəlsin və ölkə daxilində ikiqat, üçqat, dördqat artsın. Müəyyən sahəyə yatırılan bir vahid investisiya iki, bəzən isə üç vahid investisiya gətirir. Əslində, biz yeni investisiya ekosisteminin formalaşmasından danışırıq. Dəmir yolu təkcə rels deyil, bu həm də kənar xidmətlər, digər xidmətlər, ən müasir avadanlıqlar və sairədir. Sərnişinlərin, yüklərin və xidmətlərin axınına xidmət göstərilməsini demirəm belə.
Dəmir yolundan əlavə, biz yeni elektrik ötürücü xətlərdən, yeni boru kəmərlərindən, kabellərdən də danışırıq. Yəni burada investisiya investisiya gətirir”.
Alpər Mövludoğlu
Ordu.az