Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tədbirdə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri, ölkənin digər yüksək vəzifəli şəxsləri, ABŞ vitse-prezidentinin nümayəndə heyətinin üzvləri, eləcə də hər iki ölkənin texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər.
Erməni nazir Mxitar Hayrapetyan bildirib ki, 2025-ci ilin yanvarında formalaşan Ermənistan-ABŞ Strateji Tərəfdaşlığı yüksək səviyyəli əməkdaşlıq üçün möhkəm siyasi əsas yaradıb.
“Bugünkü sammit bu işin məntiqi davamıdır. Ermənistan texnologiyalar və innovasiyalar gündəliyini irəli aparmaq istiqamətində məqsədyönlü və qətiyyətli addımlar atır. Eyni zamanda biz aydın dərk edirik ki, bu sahələrdə dayanıqlı irəliləyiş təcrid olunmuş şəraitdə mümkün deyil. Məhz buna görə də ABŞ hökuməti, eləcə də aparıcı özəl şirkətlər və institutlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verilir”, - deyə erməni nazir vurğulayıb.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistan-ABŞ tərəfdaşlığının əsas sütunlarından birinin yüksək texnologiyalar sahəsi olduğunu qeyd edib.
“Biz müxtəlif istiqamətlər üzrə çalışırıq. Avqustda imzalanmış qarşılıqlı anlaşma memorandumu münasibətlərimizdə mühüm mərhələ idi, lakin daha vacibi bu sənədi artıq icra olunan çoxsaylı əhəmiyyətli layihələr və qarşıda duran yeni təşəbbüslərlə konkret fəaliyyətə çevirməkdir”, - deyə Kostanyan bildirib.
ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə baş müşaviri Conatan Askonasın sözlərinə görə, Ermənistan və ABŞ texnologiyalar və innovasiyaların iqtisadi artımın və yeni imkanların yaradılmasının əsas hərəkətverici qüvvəsi olduğunu aydın şəkildə dərk edirlər.
“Düşünürəm ki, Ermənistan qlobal texnologiya sektorunun ən yaxşı qorunan sirlərindən biridir. Beynəlxalq texnologiya ictimaiyyəti hələ Ermənistanın insan kapitalı, bacarıqları və investisiya imkanları baxımından malik olduğu müstəsna dərinliyi və potensialı tam şəkildə kəşf etməyib”, - deyə o qeyd edib.
“Shield AI” şirkətinin beynəlxalq biznesin inkişafı və strategiyası üzrə baş direktoru Kris Brinkli çıxışında Ermənistan-ABŞ hərbi və müdafiə sahəsində formalaşmış əməkdaşlığı vurğulayaraq bildirib ki, bu əməkdaşlıq sayəsində Ermənistan öz sərhədlərinin təhlükəsizliyini təmin edə və müdafiə imkanlarını gücləndirə biləcək.
“Shield AI” Ermənistanla əməkdaşlıq edərək V-BAT pilotsuz uçuş aparatları və digər pilotsuz sistemlər üçün aviasiya komponentləri istehsal edən şirkətlərlə tərəfdaşlıq imkanlarını araşdırır. Şirkət bu platformaları daha ağıllı, səmərəli və insanlar üçün daha asan idarə olunan etmək məqsədilə özünün “Hivemind” avtonomluq proqram təminatını təqdim edir”, - deyə Brinkli bildirib.
Sammit iştirakçılarından olan “Synopsys Armenia”nın prezidenti Yervand Zoryan şirkətin Ermənistanda yarımkeçiricilərin layihələndirilməsi və süni zəka sahəsində rolunu təqdim edərək qeyd edib:
“Bu yaxınlarda biz NVIDIA ilə bu həllərin onların GPU-ları üzərində işlədilməsi məqsədilə strateji tərəfdaşlıq elan etdik, eyni zamanda NVIDIA əhəmiyyətli investisiya edərək “Synopsys”in həmsahibinə çevrildi”, - deyə Zoryan bildirib.
Razılaşmalarla bağlı müzakirələrdən onların icrasına keçidi vurğulayan “Board of Peace” beynəlxalq təşkilatının direktoru Eriya Laytston sahədə praktiki addımları səbirsizliklə gözlədiklərini bildirib.
“Avqustun 8-də Ağ Evdən çıxdığımız zaman düşündüm ki, işim bitib. Lakin məhz vitse-prezident dedi: “Sən hələ yeni başlayırsan”. Dərin inamla deyirəm ki, bu mühüm mərhələdir. Bu, əhəmiyyətli addımdır, lakin 30, 60 və ya 90 gün sonra buraya qayıtdıqda istəyirəm ki, bu zal üç dəfə böyük olsun və biz artıq razılaşmaların başlanğıcını deyil, onların icrasını və yaradacaqları yeni imkanları qeyd edək”, - deyə Laytston vurğulayıb.
ABŞ vitse-prezidenti Cey Di Vensin tarixi səfəri günlərində “YouTube” bu gün Ermənistanda “YouTube Partner Program” (YPP) tərəfdaşlıq proqramının işə salındığını elan edib. Proqramın bu yaz istifadəyə verilməsi planlaşdırılır.
“Proqramın genişləndirilməsi erməni yaradıcılarına platformada gəlir əldə etmək, öz bizneslərini qurmaq və yeni auditoriyalara çatmaq imkanı verəcək. “YouTube Partner Program” yaradıcıları, artistləri və media şirkətlərini platformada monetizasiya imkanları yaratmaqla dəstəkləyir”, - deyə Askonas iştirakçılara “YouTube” nümayəndəsinin bəyanatını çatdırıb.
“SpaceX” şirkətində “Starlink”in bazara çıxışı və inkişafı üzrə baş direktoru Rayan Qudnayt sammit iştirakçılarını video-müraciətlə salamlayaraq bildirib:
“Növbəti əməkdaşlıq addımı çərçivəsində “Starlink” Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə birlikdə ölkədə 100 məktəbi yüksək sürətli internetlə təmin edəcək”.
Ermənistan-ABŞ Texnologiyalar və İnnovasiyalar Sammiti Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin təşəbbüsü ilə ilk dəfə keçirilib. Sammitin məqsədi ikitərəfli texnoloji əməkdaşlığı strateji dialoq səviyyəsindən praktiki icraya keçirməkdir.
Alpər Mövludoğlu
Ordu.az