Paşinyan: “Göyçə gölü yaşıllaşır, bütün Ermənistan faciə içərisindədir”

2026/02/1770360619.jpg
Oxunub: 384     21:16     10 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il üzrə fəaliyyətin yekun hesabatını və görülmüş işləri müzakirə etmək üçün Ətraf Mühit Nazirliyinə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Paşinyan təhlükəli tullantıların idarə olunması sahəsində mövcud problemlərə toxunaraq bildirib: “Təhlükəli tullantıların zərərsizləşdirilməsi prosesi X nöqtəsində başlamalı və Y nöqtəsində effektiv şəkildə başa çatmalıdır. Biz prosesin planına malik olmalıyıq. Bunun nə qədər davam edəcəyini bilmirəm, amma əmin olmalıyıq. Üstəlik, prioritetləri qiymətləndirməliyik, çünki bu tullantıların zərərsizləşdirilməsi yolunda xərclədiyimiz vəsaitin maksimal dərəcədə hədəfli olmasına əmin olmalıyıq. Ən vacib, ən təhlükəli və ya ən böyük həcmə malik komponentlər ayrıca qiymətləndirilməlidir. Təhlükəli tullantıların idarə olunması, eləcə də su və çirkab sularının təmizlənməsi ilə bağlı proseslər xüsusi strateji istiqamətdir və biz bu sahədə gələcəkdə də hədəflər qoymalıyıq”.

Ermənistan Baş nazirinin sözlərinə görə, müəyyən bir andan etibarən istifadə olunmuş heç bir su təmizlənmədən təbiətə qaytarılmamalıdır. “İstər kanalizasiya, istərsə də istehsalat suyu olsun, təbiətdən götürülmüş, istifadə edilmiş və təmizlənmədən geri buraxılan su ümumiyyətlə olmamalıdır”, - deyə o vurğulayıb.

O qeyd edib ki, ümumilikdə Ermənistanda hamının ekoloji şüurla bağlı problemləri var və ekoloji məsələlərin artıq təxirəsalınmaz olduğunu dərk etmək lazımdır.

“Göyçə gölü yaşıllaşır, bütün Ermənistan faciə içərisindədir və insanlar anlamırlar ki, hər birimiz bu prosesin iştirakçısıyıq. Biz mütləq öz şüurumuz üzərində işləməliyik və COP17 bizim üçün bu biliklərə çıxış əldə etmək, uğurlu nümunələri tətbiq etmək və peşəkar bacarıqlara yiyələnmək imkanıdır. Çünki bu, çox ciddi problemdir. Biz bunu görmürük, çünki gündəlik həyatımızın bir hissəsinə çevrilib və hər addımda nə qədər səhv etdiyimizi hiss etmirik. Buna görə də COP ilk növbədə bu mövzularla üz-üzə gəlmək üçün bir şansdır”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin