ABŞ-dən deportasiya olunan ermənilər kimlərdir?

2026/02/sdf1d-1770027712.jpg
Oxunub: 551     14:19     02 Fevral 2026    
Bu yaxınlarda ABŞ-dən gələn “Boeing 767-300” təyyarəsi İrəvanda eniş edib və deportasiya olunan vətəndaşlar bu reyslə Ermənistana gətirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Los-Ancelesdə fəaliyyət göstərən “MI legal solutions” agentliyinin təsisçisi, erməni hüquqşünas Lara Kareyan “News.am”a açıqlamasında bildirib ki, söhbət 2024-cü ilin yanvarından sonra ABŞ sərhədini qanunsuz şəkildə keçən, saxlanma mərkəzlərində tutulan və barələrində məhkəmə tərəfindən artıq yekun qərar çıxarılmış şəxslərdən gedir.

“Bu adamlar o şəxslərdir ki, ya məhkəmə qərarlarından şikayət verməyiblər, ya da öz istəkləri ilə vətəndaşı olduqları ölkəyə qayıtmaq istəyiblər. Elə hallar olub ki, şəxs miqrasiya saxlanma mərkəzində olub, saxlanma şəraitinə dözməyib və şikayətdən imtina etməyi və ya könüllü qayıdışı seçib”, - deyə o qeyd edib.

Kareyan bildirib ki, onların da həmin təyyarə ilə neçə vətəndaşın Ermənistana qayıtdığı barədə məlumatı yoxdur, lakin miqrasiya saxlanma mərkəzlərində 3000-dən çox erməni var.

“Hüquqi baxımdan ABŞ-də heç nə dəyişməyib, sadəcə bu administrasiyanın tətbiq etdiyi siyasətin nəticəsi olaraq miqrasiya ilə bağlı qaydalar sərtləşdirilib. Vətəndaşlara sadəcə tövsiyəm odur ki, təşvişə düşməsinlər və miqrasiya xidmətinin əməkdaşı, məsələn, küçədə yaxınlaşıb miqrasiya statusunuzu soruşduqda və sənədlər tələb etdikdə, dürüst cavab versinlər və sənədləri təqdim etsinlər. Söhbət siyasi sığınacaq müraciətləri baxılma mərhələsində olan şəxslərdən gedir”, - deyə erməni hüquqşünas bildirib.

Kareyanın sözlərinə görə, buna baxmayaraq, miqrasiya xidmətində təyin olunmuş növbəti görüş zamanı həmin şəxslərin saxlanılmayacağı və miqrasiya saxlanma mərkəzinə aparılmayacağına dair heç bir zəmanət yoxdur və sığınacaq müraciətlərinin baxılması oradan davam etdirilə bilər.

“Belə hallar çox olub. Söhbət Meksika sərhədi vasitəsilə ABŞ-yə gəlmiş vətəndaşlardan gedir. Onlar ildə bir və ya iki dəfə miqrasiya mərkəzlərinə müraciət edirlər. Viza ilə ABŞ-yə gəlmiş və sığınacaq istəyən vətəndaşların isə bu problemi yoxdur və narahat olmağa əsas da yoxdur”, - deyə erməni hüquqşünas qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl qanunsuz miqrantların deportasiyası ilə bağlı genişmiqyaslı əməliyyat həyata keçirmək niyyətində olduğunu bəyan etmişdi. ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem isə yaxın günlərdə ölkə ərazisindən 3 milyon miqrantın çıxarıldığını, onlardan 2,2 milyonunun könüllü şəkildə getdiyini açıqlamışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənilər  


Bizi "telegram"da izləyin