Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Kilsə və orduya qarşı yeni sui-qəsd” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, müvafiq əmri Ermənistan müdafiə naziri Suren Papikyan öz səhifəsində paylaşıb. Bu da müxalifət deputatlarının hakimiyyətin növbəti anti-kilsə addımı atdığı barədə həyəcan təbili çalmasından sonra baş verib.
“Müdafiə nazirinin yaydığı sənədə əsasən, bundan sonra keşişlər Silahlı Qüvvələrin Baş Qərargahının mənəvi-psixoloji idarəsinin koordinasiyası ilə fəaliyyət göstərəcəklər”, - deyə nəşr bildirib.
Erməni vəkil Ara Zöhrabyanın məlumatına görə, Ermənistan Silahlı Qüvvələrində fəaliyyət göstərən 42 ruhani şəxsdən yalnız 8-i xidmətdə qalacaq, qalanları isə faktiki olaraq sistemdən kənarlaşdırılacaq.
Müəllif yazıb ki, Ermənistan ordusunda keşişlərin xidmətinin ixtisarı bir neçə məqsəd güdür.
“Məsələ ondadır ki, hələ bir neçə həftə əvvəl məlum olmuşdu: korpus komandirləri keşişləri Paşinyanın katolikos əleyhinə kampaniyasına qoşulmağa məcbur edirlər, lakin indiyədək heç kim bu tələbi qəbul etməyib və göstərişi yerinə yetirməkdən imtina edib.
Digər tərəfdən, hələ Vazgen Sarkisyanın dövründə yaradılmış bu struktur orduda totalitar sektalara qarşı mübarizədə böyük iş görüb, Silahlı Qüvvələrin hərbi qulluqçularını yenidən Erməni Apostol Kilsəsinin qucağına qaytarıb. Əslində isə Paşinyan bu addımlarla təkcə Erməni Apostol Kilsəsinə zərər vurmaqla kifayətlənmir, həm də sektalara qarşı aparılan mübarizəyə çox ciddi zərbə endirir. Bu yolla, ehtimal ki, hazırkı hakimiyyətin Erməni Apostol Kilsəsinə qarşı mübarizəsinin məqsədinin qanun və qanunçuluğun bərqərar olunması deyil, xaricdən diktə edilən xətt üzrə kilsəni zəiflətmək, inanclıları kilsədən uzaqlaşdırmaq və onları sektalaşdırmaq olduğunu nümayiş etdirir”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra mövcud hakimiyyətin tərkibində çoxsaylı sektantların olduğu barədə məlumatlar dövriyyəyə buraxılıb.
“Bir çox məmur da bunu təkzib etmir və Erməni Apostol Kilsəsinin övladları deyil, sektant təşkilatların üzvləri olduqlarını etiraf edirlər. Faktiki olaraq Erməni Apostol Kilsəsinə qarşı bu addımlar kilsəni zəiflətməyə və dağıtmağa yönəlmiş sui-qəsddən başqa bir şey deyil”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az