“Past”: Ermənistan Avropa İttifaqından əlavə dəstək istəyir

2026/02/1770015934.jpg
Oxunub: 393     12:55     02 Fevral 2026    
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistan Avropa İttifaqından əlavə dəstək istəyir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Mirzoyan və Kos Ermənistan ilə Azərbaycan arasında formalaşmış sülh şəraitində qarşılıqlı əlaqələndirmə və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən proqramları, eləcə də sülhün gələcək institusionallaşdırılmasına yönəlmiş digər addımları müzakirə ediblər. Onlar həmçinin ötən ilin dekabrında qəbul edilmiş Ermənistan-Aİ strateji gündəliyinin icrası ilə bağlı geniş məsələlər dairəsinə toxunublar.

“May ayında İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitinin gündəliyi, eləcə də yaxın dövrdə planlaşdırılan yüksək səviyyəli səfərlərlə bağlı məsələlər də müzakirə olunub. Ararat Mirzoyan ötən ilin sentyabrında Marta Kos və Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüş zamanı Avropa İttifaqından Ermənistanda hibrid təhdidlərə qarşı mübarizə üçün 15 milyon avro vəsait əldə edə bilmişdi. İndi isə mövcud hakimiyyət Avropa İttifaqından yeni dəstək gözləyir və bu, anti-Rusiya ritorikasını daha da gücləndirmək məqsədi daşıyır.

Dekabr ayında Marta Kos bildirmişdi ki, Ermənistan ciddi təhlükələr altındadır və “Rusiyadan hibrid hücumlar və media manipulyasiyaları vasitəsilə vəziyyəti dəyişməyə cəhd edirlər, bu məqsədlə böyük maliyyə vəsaitləri ayrılır”, - deyə nəşr vurğulayıb.

KİV yazıb ki, görünür, 15 milyon avro mövcud hakimiyyət üçün kifayət etməyib və indi əlavə vəsait tələb olunur.

“Avropa İttifaqının nələr vəd etdiyi məlum deyil, lakin bir fakt aydındır ki, Qərb Ermənistanda öz mövqelərini möhkəmləndirmək, rusiyapərəst hesab olunan siyasi qüvvələri zəiflətmək və parlament seçkilərində Nikol Paşinyanın hər nə bahasına olursa-olsun yenidən hakimiyyətdə qalmasını təmin etmək üçün əlindən gələni edəcək”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin