Ordu.az xəbər verir ki, bu barədə “Euromedia24”ə müsahibəsində Ermənistanın sabiq müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində silahlanmasını ilk növbədə strateji tərəfdaşı olan Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirib.
“Bu əməkdaşlıq sayəsində həm Rusiya Federasiyasından, həm də KTMT xətti ilə ucuz qiymətlərlə, bəzən isə tamamilə pulsuz silah əldə olunub”, - deyə Ohanyan vurğulayıb.
Paşinyanın “əvvəllər müxtəlif bəhanələrlə Ermənistana silah satılmayıb” fikirlərinə cavab olaraq Ohanyan qeyd edib ki, heç vaxt heç kim Ermənistana silah satmaqdan imtina etməyib.
“Ermənistan Rusiya Federasiyasından başqa, keçmiş sovet ölkələrindən də silah-sursat əldə edib, patronlar, atıcı silahlar alınıb, Çindən artilleriya və yaylım atəşli sistemlər əldə etmişik, Avropanın bir çox ölkələrindən silah, döyüş sursatı, aviasiya vasitələri, müşahidə avadanlıqları və sair alınıb.
Bu gün silahlanmadan danışanlar elə insanlardır ki, əldə etdikləri silahların bir hissəsini rəqibə qoyub gediblər, bir hissəsini isə 44 günlük müharibə zamanı istifadə edə bilməyiblər. Ordu ilə bağlı addımları PR-ə çeviriblər, real əməli addımlar atmaq lazımdır”, - deyə Ohanyan bildirib.
Sabiq erməni müdafiə naziri vurğulayıb ki, Ermənistan təhlükəsizlik problemlərini təkbaşına həll edə bilməz:
“Bizim müdafiəmizin əsası Ermənistan ordusu olmalıdır, eyni zamanda ikitərəfli və çoxtərəfli münasibətlər də vacibdir. Rusiya Federasiyası ilə birgə qoşun qruplaşmamız var, həmçinin KTMT çərçivəsində daha qlobal məsələ mövcuddur: məsələn, Türkiyədən artan təhlükənin qarşısının alınması”.
Alpər Mövludoğlu
Ordu.az